Fevralın 16-da Tovuzçay su anbarının açılışına qatılan prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatının inkişafı üçün bugünkü mərasim xüsusi əhəmiyyət kəsb edir: “Bu su anbarının layihəsi hələ sovet dövründə işlənib, ancaq müəyyən səbəblərə görə icra edilməyib. 1992-ci ildə layihənin icrası dayandırılıb. Ancaq indiki dövrdə biz bu layihəni icra edə bildik. Artıq bu layihə istifadəyə verilir. Beləliklə, 20 min hektar torpaq sahəsində suvarma yaxşılaşacaq və 300 hektar yeni suvarılan torpaqlar dövriyyəyə buraxılacaq.
Əlbəttə, su olan yerdə kənd təsərrüfatı da inkişaf edəcək. Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin. Çünki kənd təsərrüfatının inkişafı iş yerlərinin açılması, yerli istehsalın yaradılması deməkdir. Eyni zamanda, hesab edirəm ki, kənd təsərrüfatı neft və qazdan sonra bizim əsas ixrac məhsulumuz olmalıdır və olacaq”.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, 2015-ci ildə kənd təsərrüfatı 6 faizdən çox artıb və ümid edirəm ki, bu il də sürətlə artacaq: “Bütün bölgələrdə ixtisaslaşma aparılmalıdır. Tovuz rayonunun ənənəvi kənd təsərrüfatı məhsulları var. Onların inkişafı, yeni əkin sahələrinin yaradılması, xüsusilə üzümçülüyün inkişafı mühüm əhəmiyyət daşıyır. İnsanların yaşayış səviyyəsi yaxşılaşacaq. Biz öz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Əsas vəzifəmiz nəinki özümüzü bütün ərzaq məhsulları ilə təmin etməkdir, eyni zamanda xarici bazarlara da keyfiyyətli məhsulla çıxmaqdır. Bu istiqamətdə önəmli addımlar atılır. Tovuzçay su anbarının istismara verilməsi onların arasında xüsusi yer tutur”.
Dövlət başçısı 2016-cı ilin Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından uğurlu il olacağına əminliyini vurğulayıb: “Dünya iqtisadiyyatı böhran içindədir, böhran davam edir. Bu ilin əvvəlində iştirak etdiyim beynəlxalq iqtisadi və təhlükəsizlik forumlarında mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür. Bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir. Baxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. Əminəm ki, biz xüsusilə aqrar, emal, sənaye sektorlarının inkişafı hesabına iqtisadi yüksəlişə nail olacağıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün uğurlu olacaq. Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi — 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik.
Neftin qiyməti dörd dəfə düşüb. Əlbəttə ki, bu, neft hasil edən ölkələr üçün böyük sınaqdır. Ancaq təbii resurslara malik olmayan ölkələr də çətinlik çəkir. Çünki onlar üçün ənənəvi bazarlar indi onların məhsulunu əvvəlki illərdəki kimi ala bilmir. Neftin qiymətinin düşməsi təbii resurslarla zəngin olmayan ölkələri də narahat edir. Ona görə mən hesab edirəm ki, biz artıq öz iqtisadi inkişafımızı ancaq qeyri-neft sektorunun əsasında qururuq və qurmalıyıq.
Belə olan halda biz istənilən böhrandan üzüağ çıxacağıq və ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcək. Ona görə indiki dövrdə xüsusilə sahibkarlığın inkişafı, əsaslı islahatların dərinləşməsi prioritet məsələlərdir. Keçən ilin sonundan və bu ilin əvvəlindən müəyyən edilmiş yeni islahatlar, əminəm ki, yaxın zamanlarda öz sözünü deyəcək.
Azərbaycanda bütün maliyyə, iqtisadi mexanizmlər dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanmalıdır. Maliyyə və iqtisadi sektorun inkişafı imkan verəcək ki, biz neftin qiymətindən asılı olmayaq. Bizim əsas vəzifəmiz bundan ibarətdir.
Regionların inkişafı, əlbəttə ki, burada əsas rol oynayır. 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunanda mən demişdim ki, ölkəmizin inkişafı qeyri-neft sektorundan asılı olmalıdır. Həmin vaxtdan bu günədək bütün bölgələrdə, o cümlədən qərb bölgəsində bir çox önəmli layihələr icra edilib. Əgər biz regional inkişaf proqramlarını qəbul etməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Ona görə mən əminəm ki, 2016-cı ili biz uğurla başa vurmalıyıq. Buna nail olmaq üçün bütün imkanlar var. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, düşünülmüş iqtisadi siyasət və dərinləşən islahatlar, əminəm, imkan verəcək ki, biz bu ili də uğurla başa vuraq. Qarşıya vəzifə qoyulub ki, biz bir neçə ildən sonra neft amilindən asılılığı tamamilə aradan qaldırmalıyıq. Əminəm ki, buna nail olacağıq”.