Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası 2015-ci ildə insan ölümü ilə nəticələnən aviasiya qəzaları ilə bağlı statistika açıqlayıb. Statistikaya terror aktları zamanı baş verən qəzalar və qəsdən məhv edilən təyyarələr daxil edilməyib.
Novator.az-ın məlumatına görə, qurumun açıqlamasında bildirilir ki, 2015-ci ildə uçuş vaxtı 68 aviasiya qəzası qeydə alınıb. Bu isə 2014-cü illə müqayisədə baş verən təyyarə qəzalarının azaldığını göstərir. 2014-cü ildə 77 aviasiya qəzası baş verib. Ötən il 4 aviasiya qəzası insan ölümünə səbəb olub, 2014-cü ildə isə 12 belə hadisə baş verib.
Qurumun məlumatına görə, 2015-ci ildə baş vermiş təyyarə qəzalarında 136 nəfər, 2014-cü ildə isə 641 nəfər həlak olub.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının açıqlamasında ötən il Fransada və Misirdə baş verən böyük aviasiya qəzalarının statistikaya daxil edilmədiyi qeyd olunub.
“Germanwings” təyyarəsinin pilotu Andreas Lubits göyərtəsində sərnişinlərin olduğu təyyarəni qəsdən qəzaya uğradıb. “Koqalımavia” reysindəki partlayışa isə təyyarənin göyərtəsində quraşdırılmış bomba səbəb olub. Əgər bu məlumatlar da statistikaya daxil edilsəydi, 2015-ci ildə təyyarə qəzasında ölənlərin sayı 510 olardı.