İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın 15 fevral qərarını şərh edib.
Mərkəzi Bankın İdarə Heyəti fevralın 15-dən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək qərarı verib. Qərarın milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq məqsədi ilə qəbul edildiyi bildirilir.
Samir Əliyev yazır ki, Mərkəzi Bank milli valyutanın devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün uçot dərəcəsini qaldırıb: “Mərkəzi Bankın uçot dərəcəsini 3%-dən 5%-ə qaldırması gözlənilən idi. Əslində qərar bir qədər gecikib. Çünki Mərkəzi Bankın siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparılıb.
Qurumun bu addımı inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaq məqsədi güdür. Ehtimal etmək olar ki, Mərkəzi Bank bankları təmin etmək üçün yaxın dövrlərdə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdıracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvəni artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar”.