Ədliyyə Nazirliyi Kollegiyasının təsdiqlədiyi “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi qaydaları”(Qaydalar) açıqlanıb. Transparency.az bildirir ki, sənədə əsasən, QHT-lərin fəaliyyətinin öyrənilməsi zamanı bu məsələlər araşdırılır:
– fəaliyyətin nizamnaməyə (əsasnaməyə) uyğunluğu;
– qanunun tələblərinə riayət edilməsi, o cümlədən ali idarəetmə, icra və nəzarət orqanlarının yığıncaqlarının, habelə üzvlərin reyestrinin aparılması, gəlirlərinin təşkilatın məqsədlərinə yönəldilməsi, fəaliyyətində şəffaflığın təmin edilməsi;
– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun tələblərinə riayət edilməsi, o cümlədən qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestri üçün zəruri olan məlumatların vaxtında təqdim edilməsi, dövlət reyestrində olan sənədlərin qanunvericiliyə uyğunluğu;
– illik maliyyə hesabatlarının təqdim olunması, qrant, mühasibat uçotu haqqında qanunvericiliyə riayət edilməsi, maliyyə və təsərrüfat fəaliyyətinin qanunauyğunluğu;
– qurumun fəaliyyəti ilə bağlı əlaqəli normativ hüquqi aktlara riayət edilməsi.
QHT-lərin fəaliyyətinin öyrənilməsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericiliyin pozulması halları müəyyən edildikdə “Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi” qaydalarına uyğun tədbirlər həyata keçirilir.
QHT-lər fəaliyyətlərinin öyrənilməsi zamanı ədliyyə orqanına təqdim etmək üçün öz yazışmaları üzrə kargüzarlığı aparmalı, həyata keçirdiyi layihələrin, maliyyə və mühasibat sənədlərinin, bağladığı müqavilələrin və digər sənədlərin təsdiq olunmuş surətlərini ayrıca qovluqda saxlamalıdırlar.
Kargüzarlıq sənədlərin daxil olduğu (imzalanaraq təsdiq olunduğu) müddətlər, bank və digər sənədlərin tərtib olunduğu və ya təqdim olunduğu tarixlər üzrə aparılır, hər bir sənədə nömrə verilir. Təsis sənədlərinə dəyişikliklər, qurumun fəaliyyətinə (ali və icra orqanlarının qərarları, protokolları və s.), qrant müqavilələrinə (layihələr, layihə üzrə təsdiqedici maliyyə və mühasibatlıq sənədləri ilə birlikdə) dair sənədlər ayrı-ayrı qovluqlarda saxlanılır.
Qaydalara görə, QHT-lərin fəaliyyətinin öyrənilməsi 30 gün ərzində həyata keçirilir. Ədliyyə orqanının rəhbərinin yazılı razılığı əsasında QHT-nin fəaliyyətinin öyrənilməsi müddəti 30 gün artırıla bilər.
QHT-lərin fəaliyyətinin öyrənilməsi plan üzrə və ya plandankənar keçirilir. Fəaliyyətin plandankənar öyrənilməsi aşağıdakı hallarda həyata keçirilir:
– dövlət qurumlarından məlumatlar daxil olduqda;
– kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, fiziki və hüquqi şəxslərin, habelə QHT-nin iştirakçılarının müraciətləri daxil olduqda;
– bilavasitə ədliyyə orqanı pozuntular aşkar etdikdə.
QHT-nin fəaliyyətinin öyrənilməsi plan üzrə aparıldıqda azı 7 gün, plandankənar aparıldıqda isə azı 1 gün əvvəl bu barədə həmin QHT-yə yazılı məlumat verilməlidir.