Parlamentin əmək və sosial siyasət komitəsi xarici valyutada kredit götürən şəxslərin banklara borcu ilə bağlı qanun layihəsi hazırlayır. “Azadlıq” radiosuna danışan komitə üzvü, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib ki, xarici valyutada krediti olan şəxslərin banklara borclarını ikinci devalvasiyadan əvvəlki kursla, yəni 1 manat 5 qəpiklə ödəməsini tənzimləyən qanun layihəsi üzərində iş gedir: “Söhbət 10 minə qədər krediti olan şəxslərdən gedir”.
2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb. Hazırda rəsmi kursla 1 dollar 1 manat 57 qəpikdən bahadır.
Bəzi ekspertlər Mərkəzi Bankı əhaliyə kompensasiya ödəmək mexanizmini reallaşdırmağa səsləyir, ən azı 10 min dollaradək kreditlər üzrə fərqi ödəməsini təklif edirlər.
Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlamalarının birində deyib ki, 5000 dollaradək krediti olan müştərilərə borcu əvvəlki məzənnə ilə qaytarmaları üçün müəyyən güzəştlər edilə bilər. O, güzəştin reallaşması üçün 250 milyon dollaradək vəsaitə ehtiyac olduğunu vurğulayıb. Ancaq sonradan Elman Rüstəmov bildirib ki, hökumətdə komanda mövqeyinə görə, güzəşt maliyyə intizamını poza bilər.
Transparency.az bildirir ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 508 milyon 500 min manata çatıb. 2014-cü ildə vaxtı keçmiş kreditlərin məbləği 976 milyon 300 min manat idi. 2015-ci ildə məbləğ 532 milyon 200 min manat artıb.
2015-ci ildəki problemli kreditlərin 840 milyon 200 min manatı milli valyutada olan kreditlərdir. Xarici valyutada olan kreditlərə gəlincə, bu sahədə vaxtı keçmiş kreditlər 2014-cü illə müqayisədə 208 milyon 800 min manatdan 668 milyon 300 min manata yüksəlib.
2015-ci ilin yanvar ayında xarici valyutada olan kreditlərin 204 milyon 400 min manatı vaxtı keçmiş kreditlər olub. Devalvasiyanın başlandığı fevral ayında bu rəqəm 314 milyon 500 min manata qalxıb, yüksələn xətt üzrə gedib, oktyabr və noyabr aylarında düşmə qeydə alınıb, ilin sonunda isə kəskin çoxalma baş verib.
Поделиться “Xarici valyutada kredit götürən şəxslərin borcu ilə bağlı qanun layihəsi hazırlanır”