“Transparency İnternational” təşkilatı şəxslər, qurumlar və ərazilər üzrə internet səsverməsi təşkil edərək korrupsiya reytinqi hazırlayıb. Reytinq cədvəlinə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç başçılıq edir. Onun şəbəkədə 13 210 səs topladığı bildirilir.
Səsvermədə iştirak edənlər Braziliyanın “Petrobras” neft-qaz şirkətini ən iri korrupsiya qurumlarından sayıblar. Anonim şirkətlərin qeydiyyatına icazə verildiyi ABŞ ştatı Delaver də reytinq cədvəlinin yüksək pillələrində yer alıb.
Transparency.az xəbər verir ki, reytinq cədvəlinin üst sıralarında Tunisin sabiq prezidenti Zeynalabdin Bin Əli, Panamanın sabiq prezidenti Rikardo Martinelli, Dominikan Respublikasından senator Feliks Bautistanın adları var.
Beynəlxalq Futbol Təşkilatı FİFA-nın və Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun adını daşıyan fondun ən çox korrupsiyaya uğramış qurumlardan olduğu qeyd edilir.
“Transparency İnternational” reytinqə adı düşənlərə qarşı ictimai sanksiyaların tətbiqi barədə müzakirələr aparır.