Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə yanğın dünən söndürülüb. Məlumatı SOCAR-ın mətbuat xidməti yayıb.
Yanğın ötən il dekabrın 4-də çox güclü qasırğa zamanı baş vermiş qəzadan bəri davam edirdi. Həmin gün özüldə sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və şiddətli yanğın olub. Özüldəki 63 işçidən 30-u itkin düşüb, indiyədək 12 nəfərin meyiti tapılıb.
SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, yanğın zamanı quyuağzı avadanlıqların sıradan çıxması nəticəsində hermetiklik pozulub, bu da quyuların boğulmasını çətinləşdirib: “Mövcud texnika və avadanlıqlardan maksimum səmərəli istifadə edilərək, əlavə problem yaratmadan yanan quyularda növbə ilə quyuağzı avadanlıqlar dəyişdirilib, quyular məhlulla boğulub. Görülmüş tədbirlər nəticəsində fevralın 10-da yanğın tam söndürülüb”.
2015-ci il dekabrın 4-də “Neft daşları”ndakı 501 nömrəli özüldə də faciə baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Köşkdəki 3 nəfər itkin düşüb.