Fevralın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib. “Azadlıq” radiosu xəbər verir ki, hər iki qərar gənc fəalların şikayətləri əsasında çıxarılıb.
Qərarlardan biri İlham Hüseynli, Elçin Səlimov və İbrahim Əhmədzadənin şikayətləri əsasında qəbul olunub. Şikayətçilər 2011-ci il martın 31-i və aprelin 2-si Bakıda etiraz aksiyalarında iştiraka görə saxlanıblar və inzibati həbs cəzası alıblar. Həbsdən və qaba rəftara məruz qalmalarından şikayətlər etsələr də, Azərbaycan məhkəmələrində onların şikayətləri təmin edilməyib. Bundan sonra şikayətçilər Avropa Məhkəməsinə üz tutublar. Onlar Avropa Məhkəməsinə şikayətlərində birləşmək, ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüquqlarının pozulmasının tanınmasını, dəymiş zərərə görə kompensasiya ödənilməsini istəyiblər. Avropa Məhkəməsi şikayətçilərin hüquqlarının pozulduğunu tanıyıb. Qərara əsasən, Azərbaycan dövləti ərizəçilərin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə ümumilikdə 6 min avro ödəməlidir.
Digər qərar Ağasif İbrahimov, Emin Fərhadi və Cəmil Hacıyevin şikayətlərinə əsaslanır. Onlar 2011-ci ilin mayında Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi adından Bakıda etiraz aksiyası keçirmək istəyiblər. Polis onların aksiyasını dağıdıb və məhkəmə gənclərə inzibati həbs cəzaları verib. Azərbaycan məhkəmələri onların şikayətlərini təmin etməyib. Bu işdə ərizəçilər Avropa Məhkəməsindən birləşmək, ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozulduğunun tanınmasını, dəymiş zərərə görə təzminat ödənilməsini istəyiblər.
İfadə azadlığı hüququnun pozulmasını çıxmaq şərti ilə Avropa Məhkəməsi gənclərin istəyini təmin edib. Məhkəmə qərarına görə, Azərbaycan dövləti şikayətçilərin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə ümumilikdə 5 min 600 avro ödəməlidir.
Avropa Məhkəməsi hər iki qərarında şikayətçilər barəsində Azərbaycan məhkəmələrinin çıxardığı qərarların ləğv olunaraq yenidən araşdırılması tələbini qoyub.
Azərbaycan hökuməti şikayət verməzsə, Avropa Məhkəməsinin bu qərarları 3 ay sonra qüvvəyə minəcək.