Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun həyat yoldaşı Fəxriyyə Xasməmmədova ondan narahatdır.
Fəxriyyə Xasməmmədova 17 saylı cəzaçəkmə müəssisəsində həyat yoldaşı ilə sonuncu dəfə yanvarın 3-də görüşdüyünü və həyat yoldaşının səhhətində ciddi problemlərin olduğunu bildirib: “Yoldaşım çox narahat idi. Özünü çox pis hiss edirdi. Ağrıları bir an da olsun ara vermirdi. Baş ağrısı, bel ağrısı, sinir ağrılarından çox əziyyət çəkir. Taleh bu ağrıları ilə əlaqədar müayinə olunduğunu, yaxınlarda müalicə müəssisəsinə göndəriləcəyini bildirdi. Lakin üstündən bir aydan çox keçməsinə baxmayaraq, nədənsə yoldaşımın müalicə müəssisəsinə göndərilməsi üçün razılıq verilməyib”.
Fəxriyyə Xasməmmədova Ədliyyə Nazirliyinin Penitensiar Xidməti başda olmaqla aidiyyəti orqanlara Talehin səhhətində yaranmış ciddi problemlə bağlı müraciət etdiyini vurğulayıb: “Əgər Taleh vaxtında müalicə olunmazsa, biz onun daha da pis virusa, xəstəliklərə yoluxacağından çox narahatıq. Bu isə bir ailənin başçısını itirmək deməkdir”.
Müraciətdə Beynəlxalq Qırmızı Xaç Komitəsindən, ombudsmandan, İnsan Hüquqları üzrə İşçi Qrupundan, hüquq müdafiəçilərindən Talehə baş çəkmələri də xahiş olunur.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə “Azadlıq” radiosuna deyib ki, Taleh Xasməmmədovun ailəsinin müraciətinə baxılaraq araşdırılacaq. Rəis müavini əlavə danışmaq istəməyib.
Taleh Xasməmmədov ötən il iyulun 22-də Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, xuliqanlıqda təqsirli bilinib.