Fevralın 10-da Səbail Rayon Məhkəməsi futbolçu Cavid Hüseynovun cinayət işi üzrə prosesi davam etdirib. APA-nın məlumatına görə, dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına münasibət bildirən Cavid Hüseynov günahsız olduğunu deyib. O qeyd edib ki, 2015-ci il avqustun 6-da “Qəbələ” klubunun heyətində “Apollon” klubu ilə Bakıda keçirilən oyundan sonra bibisi oğlu Elşən İsmayılovdan zəng gəlib: “Elşən dedi ki, Rasim Əliyev adında jurnalist “Facebook”da sənin barədə nalayiq ifadələr yazıb. Mən dedim ki, əhəmiyyət verməsin. Elşənin Rasimlə görüşündən, onunla dalaşmağından xəbərim olmayıb. Rasim Əliyevin rəhmətə getdiyini biləndə Elşənə dedim ki, polisə təslim olsun, hər şeyi danışsın, “Whatsapp”da olan yazışmalarını da silsin. Çünki bu məsələdə adımın hallanmasını istəmirdim”.
Cinayətkar olmadığını vurğulayan Cavid Hüseynov altı aydır günahsız yerə həbsdə yatdığını qeyd edib.
Məhkəmə prosesi fevralın 24-dək təxirə salınıb.
ANN.TV-nin reportyoru olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.
Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.
Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır.
Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb.
“Apollon”la oyun bitəndə qələbə topunun müəllifi Cavid Hüseynov sevincini Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını başı üzərinə qaldırmaqla ifadə edib. Meydançadan ayrılan zaman kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında Cavid Hüseynov yumruqlarını bir-birinə vuraraq Azərbaycan və Türkiyənin bir olduğunu anlatmağa çalışıb. Bu jest videoya düşüb. Futbolçunun əl hərəkəti ilə etdiyi jesti başqa cür qiymətləndirən Rasim Əliyev avqustun 7-də “Facebook”da onu əxlaqsız və tərbiyəsiz adlandırıb.
Avqustun 8-də Rasim Əliyev “Facebook”da yeni bir statusla çıxış edib: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin”.