“Hökumət təcili tədbirlər görməsə, xarici valyutada problemli borclar bütövlükdə bank sektorunu batıra bilər”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu belə açıqlama yayıb.
Ekspert yazır ki, ötən il xarici valyutada problemli borclar 500 milyon manatdan çox artıb (Vaxtı keçmiş kreditlərin məbləği milyard yarımı keçib): “Mərkəzi Bankın açıqladığı son məlumata əsasən, bu ilin əvvəlinə iqtisadiyyata cəmi kredit qoyuluşunda vaxtı keçmiş problemli kreditlərin ümumi məbləği 1,5 milyard manatı ötüb, onun da 44,3 faizi xarici valyutada kreditlərdir. Ötən ilin əvvəlində bu göstərici 80 faizin 20 faizə nisbətində manatın xeyrinə idi.
Problemli borcların valyuta növləri üzrə struktur təhlili göstərir ki, ümumi həcmdə 50 faizlik artımda xarici valyuta ilə olan borcların payı 95 faizdən çoxdur. 1 il ərzində xarici valyutada problemli borcların həcmi 500 milyon manatadək artıb. Təbii ki, bunun başlıca səbəbi il ərzində manatın 2 dəfə devalvasiyası nəticəsində dəyərini 100 faizdən çox itirməsi, banklara valyuta ilə borcları olan müştərilərin məzənnə fərqinə görə əlavə itkilərə məruz qalmasıdır.
Əgər xarici valyutada borc problemi həll olunmasa, vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı kəskin arta bilər. Bu isə bütövlükdə bank sektorunun ziyanının çoxalmasına və maliyyə mötəbərliyinin azalmasına gətirib çıxarar. Yaranmış vəziyyətin fəlakətli hala keçməməsi üçün hökumət təcili tədbirlər görməlidir. Əks təqdirdə problem bütövlükdə bank sektorunu batıra bilər və onun sosial fəsadları daha da kəskinləşər”.