İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, iclasda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, bu mənfi təsirləri minimuma endirmək istiqamətində görülən tədbirlər və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə danışıb. İqtisadiyyat Nazirliyinin ötən il gördüyü işlərdən söz açan nazir qeyd edib ki, dövlət proqramlarının icrası davam etdirilib, bu çərçivədə müxtəlif sahələrdə layihələr həyata keçirilib: “Ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb”.
İclasda Azərbaycan prezidentinin kənd təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxladığı, sonuncu müşavirələrdə də kənd təsərrüfatı məhsulları ilə təminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, tütünçülüyün, çayçılığın, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində bir sıra tapşırıqlar verildiyi qeyd edilib. Bildirilib ki, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır, ötən illə müqayisədə 2 dəfədən çox sahədə isə tütün əkiləcək.
Nazir deyib ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir: “Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda ilk mərhələ üzrə işlər yekunlaşmaq üzrədir”.
İclasda digər regionlarda da yeni iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması imkanlarının araşdırılması barədə tapşırıqlar verilib.
Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsi, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri də müzakirə edilib. Vurğulanıb ki, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilıb, lisenziyalar müddətsiz müəyyən olunub, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə azaldılıb, həmin fəaliyyət növü regionlarda həyata keçirildiyi hallarda isə dövlət rüsumu 4 dəfə az ödəniləcək.
İclasda qeyd olunub ki, prezident İlham Əliyevin təşəbbüsü ilə “Dövlət satınalmaları haqqında” qanunda edilmiş dəyişikliyə uyğun olaraq yerli sahibkarlara güzəştin 20%-dək yüksəldilməsi onların tender layihələrini qazanmaq imkanlarını artırmaqla yerli istehsalın genişlənməsinə əlavə dəstək verəcək.
Qeyri-neft məhsullarının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Qeyd edilib ki, ötən il Azərbaycandan xarici ölkələrə 2477 adda məhsul ixrac olunub, bu isə əvvəlki illə müqayisədə 15,2% çoxdur. Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb. İndiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.