Fevralın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında toplantı keçirən Milli Strateji Düşüncə Mərkəzi (MSDM) “Böhrandan imkana” adlı yol xəritəsi layihəsini təsdiqləyib. Bastainfo.com-un məlumatına görə, Milli Strateji Düşüncə Mərkəzinin müraciətində deyilir ki, ölkədə sosial-iqtisadi böhran gündən-günə dərinləşir: “Dünya bazarında neftin qiymətinin davamlı şəkildə düşməsi korrupsiya və inhisarçılığın, səriştəsizlik və bərbad idarəçiliyin girovuna çevrilmiş Azərbaycanda fəlakətli bir vəziyyət yaradıb. Yarımçıq, ziddiyyətli, kosmetik addımları ilə əslində böhranın qarşısını almağa qadir olmadığını nümayiş etdirən hakimiyyət beynəlxalq maliyyə mərkəzlərindən borc almaq cəhdləri ilə gücsüzlüyünü etiraf etmiş oldu. Yanvar ayında bölgələrdə əhalinin etirazları aydın şəkildə nümayiş etdirdi ki, aksiyaların böyüməsi, sosial-iqtisadi gərginliyin ictimai-siyasi gərginliyə çevrilməsi zaman məsələsidir.
Uzun illərdən bəri sərgilədiyi məsuliyyətsiz davranışını böhran şəraitində də davam etdirən hakimiyyətdən fərqli olaraq demokratik düşərgə bu mərhələdə də son dərəcə yetkin və məsuliyyətli mövqe nümayiş etdirdi. Əhalinin spontan etiraz aksiyalarına mənəvi-siyasi dəstək və informasiya dəstəyi verən müxalifət bu prosesin xaosa aparmasında maraqlı olmadığını əməli şəkildə sübut etdi. Eyni zamanda demokratik qüvvələr böhranın dərinləşməsinin qarşısını almaq, əhalini böhranın zərbələrindən qorumaq, ölkədə iqtisadi prosesləri inkişaf istiqamətinə yönəltmək yollarını cəmiyyətə və hakimiyyətə göstərdilər. Müsavat Partiyasının böhrandan çıxış yolları barədə təkliflər paketi, AXCP-nin, REAL-ın, digər qurumların və müstəqil ekspertlərin bir çox təklifləri, tövsiyələri, ideyaları kifayət qədər cəlbedici, inandırıcı və diqqətəlayiqdir”.
MSDM hesab edir ki, təklif etdiyi yol xəritəsi əhalinin böhrandan qorunması, iş adamlarına azad iqtisadi fəaliyyət, demokratik qüvvələrə öz potensialını gerçəkləşdirmək imkanı, rejimə isə hakimiyyətin dinc və tədrici şəkildə xalqa təhvil vermək şansı yarada bilər.
“Böhrandan imkana” yol xəritəsində əhaliyə, xüsusən aztəminatlı təbəqələrə yardım məqsədi ilə zəruri qərarların qəbul edilməsinə, devalvasiya nəticəsində kəskinləşmiş işsizlik, aşağı maaşlar, kredit borcu və digər problemlərin həlli üçün təxirəsalınmaz addımlara çağırış yer alır. MSDM hökumətin korrupsiya və inhisarçılığa son qoymağa, azad iqtisadiyyatın formalaşmasına, kiçik və orta biznesin dirçəldilməsinə, kənd təsərrüfatı, turizm və digər qeyri-neft sahələrinin inkişafına münbit şəraitin yaranmasına yönəlmiş ilkin addımlar atmasını zəruri hesab edir.
Təcili siyasi tədbirlər bölümündə isə bu təkliflər var:
– Siyasi məhbusların azad edilməsi, siyasi azadlıqların bərqərar edilməsinə, qeyri-hökumət təşkilatlarının və medianın normal fəaliyyətinə, siyasi partiyaların azad, bərabər hüquqlu rəqabətinə imkan yaradacaq addımlar atılması;
– Xarici siyasət sahəsində beynəlxalq birliyə yönəlmiş prinsipial mesajlar verilməsi: Azərbaycanda əsas siyasi və iqtisadi azadlıqların bərqərar edilməsi ilə bağlı kursun bəyan edilməsi; Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq ölkənin avroatlantik inteqrasiya istiqamətində addımlar atacağının bəyan edilməsi, Avropa İttifaqına, NATO-ya üzvlüklə bağlı müraciət edilməsi və Dünya Ticarət Təşkilatı ilə üzvlük danışıqlarının sürətləndirilməsi;
– 2016-cı ilin fevralında yeni konstitusiya (və ya konstitusiyaya əlavə və dəyişikliklər) layihəsinin hazırlanması məqsədilə Konstitusiya Komitəsi yaradılması;
– 2016-cı ilin yazında yeni konstitusiya (və ya konstitusiyaya əlavə və dəyişikliklər) üçün referendum keçirilməsi;
– 2016-cı ilin ikinci yarısında parlament seçkisinin keçirilməsi;
– 2017-ci ildə prezident seçkisinin keçirilməsi.
Transparency.az bildirir ki, Milli Strateji Düşüncə Mərkəzinə İsa Qəmbər sədrlik edir. Milli azadlıq hərəkatının liderlərindən olan İsa Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri postunu tutub, həmin dönəmin ilk ayında prezidentin səlahiyyətlərini icra edib, 1992-ci ildən 2014-cü ilədək Müsavat Partiyasının başqanı olub.