Venesuela parlamenti siyasi məhbus sayılan şəxslərin azadlığa çıxmasına imkan verən amnistiya haqda qanunu ilk oxunuşda qəbul edib.
2013-cü ilin aprelindən Venesuelanın prezidenti Nikolas Madurodur. 2015-ci ilin dekabrında isə Venesuelada keçirilmiş parlament seçkisi müxalifətin qələbəsi ilə başa çatıb. Müxalif Demokratik Birlik Bloku 99 mandata sahib olub. Prezident Maduronun başçılıq etdiyi Hakim Vahid Sosialist Partiyası isə 46 yer ala bilib. Beləliklə, son 15 ildə ilk dəfə olaraq parlamentdə çoxluq müxalifətə keçib. 167 yerlik yeni parlament 2016-cı ilin yanvarından fəaliyyətə başlayıb.
Novator.az xəbər verir ki, müxalif deputat Delsa Solosano amnistiya haqda qanunun qəbulunu milli barışıq üçün vacib hesab etdiyini vurğulayıb.
Qanunun məhz fevralın 4-də qəbul olunması simvolik xarakter daşıyır. Məhz 1992-ci ilin bu günündə ölkədə polkovnik Uqo Çavesin başçılığı ilə qiyama cəhd olunub. Həmin vaxt dövlət çevrilişi alınmayıb və Çaves həbsxanaya düşüb. Sonradan azadlığa buraxılan Çaves siyasi karyerasını davam etdirib və 1999-cu il fevralın 2-dən 2013-cü ilin martınadək Venesuelanın prezidenti olub. Uqo Çaves 2013-cü il martın 5-də vəfat edib. Hazırkı dövlət başçısı Nikolas Maduro Uqo Çavesin xələfidir.
Fevralın 4-də amnistiya qanunu qəbul olunarkən parlamentin iclasında iştirak edən müxalifət lideri Leopald Lopesin xanımı Lilian Tintori deyib: “Amnistiya Venesuelaya həm barışıq, həm də sülh gətirəcək. Biz bu gün Venesuela üçün sülh istəyirik”. Tintorinin əri 2014-cü ilin əvvəllərində baş verən iğtişaşlara görə 14 il həbs cəzası alıb. Həmin hadisələrdə 43 nəfər həlak olub.
Beynəlxalq müşahidəçilər Venesuelada hazırda 75 siyasi məhbusun olduğunu bildirirlər.
Prezident Nikolas Maduro amnistiya qanunu qəbul edilərsə, sənədi imzalamayacağını bəyan etmişdi. O hesab edir ki, belə bir qanunun qəbulu sülhə zərbədir. Maduro 2014-cü il iğtişaşları ilə bağlı barışıq komissiyası yaratmağı, komissiyada həm iğtişaş qurbanlarının yaxınlarının, həm də müxalifət nümayəndələrinin təmsil olunmasını təklif edir.