Dövlət başçısının 3 fevral fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Fərmana görə, bir ay ərzində palatanın nizamnaməsi təsdiq ediləcək və uzağı Novruz bayramına qədər qurum fəaliyyətə başlayacaq. Yeni qurum Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılır, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulur. Göründüyü kimi, qurumun fəaliyyəti əsasən üç istiqamətdə qurulacaq: lisenziyalaşdırma, tənzimləmə və nəzarət. Bununla da palata ölkədə baş tənzimləyici səlahiyyətinə malik olacaq.
Çox məsuliyyətli bir dəyişiklikdir. Bu dəyişikliyin məğzi indi çox aktual olan riskin həllinə – ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsinə yönəldilib. Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasında son vaxtlar yaranmış soyuq müharibə, onlardan zəif olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin isə “offsayd”da qalması maliyyə bazarının dayanıqlılığı üçün təhlükə yaradırdı. Bu baxımdan maliyyə nəzarəti institutunun yaradılması təşəbbüsünü təkcə uğurlu beynəlxalq təcrübənin tətbiqi kimi yox, həm də son aylar söz sahibinə çevrilmiş maliyyə kapitanlarının gücünü bir qədər azaltmaq kimi də qiymətləndirmək olar. Hər bir halda bu addımı postneft dövrünün atılmış ən əhəmiyyətli addımı saymaq mümkündür. Siyasəti müəyyənləşdirən qurumlarla tənzimləməni həyata keçirən qurumların ayrılması qarşılıqlı nəzarət baxımından da dünyada uğurla sınaqdan çıxan təcrübədir.
Dünyanın əksər ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar var. Bu institutlar Mərkəzi Bank – Maliyyə Nazirliyi – ixtisaslaşmış qurum üçbucağı çərçivəsində fəaliyyət göstərir. Həmin qurumlar ya paralel nəzarət funksiyasını icra edir, ya da ayrıca ixtisaslaşmış qurum bu səlahiyyətlərə sahib olur.
Avropa İttifaqında bazarlara Avropa Mərkəzi Bankı ilə yanaşı Maliyyə Nəzarəti Federal İdarəsi nəzarət edir. Qurum bankların əməliyyatlarına müdaxilə etmir, onların fəaliyyəti üçün tənzimləyici norma müəyyənləşdirir. Çində tənzimləmə və nəzarət işlərini Qiymətli Kağızlar Bazarının Tənzimlənməsi üzrə Komissiya və Çin Xalq Bankı, Avstraliyada Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Komissiya və Rezerv Bankı görürlər. ABŞ-da bu işə eyni zamanda bir neçə qurum – Qiymətli Kağızlar və Bazarlar üzrə Komissiya, Təcili Birja Ticarəti üzrə Komissiya və Federal Ehtiyat Sistemi məsuldur. İsveçrə və Kanadada isə bu funksiyanı ayrıca bir qurum icra edir.
Hər bir ölkədə tənzimləmə funksiyasının həyata keçirilməsi modeli fərqlidir. Ən geniş yayılan model inteqrasiya olunmuş modeldir. Yəni son illər bir-birini təkrarlayan tənzimləyicilər birləşərək meqatənzimləyiciyə çevrilir. Dünyada maliyyə tənzimləyicilərinin əsas rolu bir qayda olaraq maliyyə institutlarının dayanıqlılığının və etibarlılığının artırılması, sistem risklərini minimuma endirmək, effektiv və rəqabətli maliyyə bazarı yaratmaq, investorların və istehlakçıların hüquqlarını qorumaqdır.
Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasının işə başlaması maliyyə bazarındakı problemləri həll edə biləcəkmi? Hələ ki, bu barədə fikir söyləmək tezdir. Çünki palatanın səlahiyyətlər sferasından çox şey asılıdır. Söhbət qurumun müəyyən normaları yaratmaq səlahiyyətinin olub-olmayacağından gedir.
Palatanın Mərkəzi Bankla münasibətlərinin normal qurulması çox vacibdir. Bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq. Onların arasında gərginlik bankların zərərinə işləyər. Oxşar vəziyyət sığorta şirkətlərinə münasibətdə Maliyyə Nazirliyi ilə də yarana bilər.
Bundan sonra istər sığorta, istərsə də bank bazarında baş verə biləcək gərginliyin məsuliyyəti ilk növbədə palatanın üzərinə düşəcək. Elə buna görə də Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə müqayisədə palata sığorta şirkətlərinə və banklara, habelə investisiya fondlarına münasibətdə daha sərt olacaq və deməli, lisenziyanı ləğv etmək halları da çoxalacaq.