Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti Apellyasiya Şurasının yaradılması ilə bağlı açıqlama yayıb. APA-nın məlumatına görə, açıqlamada bildirilir ki, şuranın yaradılması yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyətini bir qədər də artırıb: “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında əsasnamədə (Apellyasiya Şurası haqqında əsasnamə) şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verilməsi üçün prezidentə müraciət etmək hüququnun, şikayətlərin araşdırılması zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi üzrə arayış almaq hüququnun və şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək hüququnun təsbit edilməsi bunun bariz nümunəsidir.
Sahibkarların hüquqlarının qorunması fonunda ölkə prezidentinin həyata keçirdiyi islahat sahibkar-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək və sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaq”.
Açıqlamada o da bildirilir ki, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti görülmüş və görüləcək işlər barədə məlumatları mütəmadi olaraq ictimaiyyətə mətbuat vasitəsilə çatdıracaq.
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti ötən ay yaradılıb. Yanvarın 25-də dövlət başçısı İlham Əliyev Natiq Əmirovu iqtisadi islahatlar üzrə köməkçi təyin edib. Natiq Əmirov həmin təyinata qədər vergilər nazirinin birinci müavini idi.