Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl Qorçinin rəhbərlik etdiyi işçi heyət 28 yanvar-3 fevral arası Bakıda fakt araşdırmaq, habelə texniki yardım müstəvisində əməkdaşlıq sahələrinin müzakirəsi məqsədi daşıyan səfərdə olub. Səfərin sonunda missiyanın rəhbəri bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan iqtisadiyyatı xüsusilə neft qiymətlərinin aşağı düşməsi, iqtisadi artımın səngiməsi və ticari tərəfdaş ölkələrin milli valyutalarının dəyərdən düşməsi nəticəsində mənfi şoklar silsiləsinə məruz qaldı. İqtisadi artım tempi 2015-ci ilin birinci yarısında yüksək oldu, lakin ilin ikinci yarısında azaldı, cari hesabın profisiti isə heçə endi.
Rəsmi orqanlar kənardan pisləşən mühitə qarşı bir sıra cavab tədbirləri görüblər. Ehtiyatda olan vəsaitin azaldığı və kənar şokların bərkidiyi şəraitdə Azərbaycan Mərkəzi Bankı manatı devalvasiyaya uğratdı və idarə olunan üzən məzənnə rejiminə buraxdı. Devalvasiya rəqabət qabiliyyətini artırmağa kömək etdi. Bundan sonra Mərkəzi Bank məzənnə çevikliyinin genişlənməsinə şərait yaratdı, ölkədən kapital axınlarının qarşısını almaq üçün tədbirlər gördü və problemli bankların birləşməsi və ləğvinə başladı.
Eyni zamanda hökumət fiskal siyasəti azalan neft gəlirləri şəraitinə uyğunlaşdırır. Gəlir yaratma istiqamətində yeni fiskal tədbirlərinin tətbiqi ilə yanaşı keçmişdə neft qiymətinin kəskin artması nəticəsində həcmi sürətlə genişlənmiş dövlət investisiya qoyuluşu daralmağa başladı. Əlavə olaraq aztəminatlı əhali təbəqələrini müdafiə etmək üçün yaşa görə pensiya və ünvanlı sosial yardımın məbləği artırıldı. Nəhayət, işgüzar mühiti yaxşılaşdırmaq üçün bir sıra prioritet struktur islahatları elan edildi.
Gələcəyə baxdıqda iqtisadi artım və tədiyyə balansı üzərindəki təzyiqlər yaxın gələcəkdə rəsmi orqanların üzləşdiyi əsas çağırışlar olaraq böyük ehtimalla davam edəcək. Bununla belə, Azərbaycanın əhəmiyyətli həcmdə ehtiyat vəsaitini nəzərə aldıqda, habelə iqtisadi siyasətlə bağlı cavab tədbirlərinin daha da gücləndiriləcəyi təqdirdə rəsmi orqanlar yaranmış çağırışların öhdəsindən gəlmək üçün yaxşı mövqeyə malikdirlər. İqtisadi siyasət prioritetlərinə çoxillik fiskal konsolidasiya planının hazırlanması və əvvəlcədən açıqlanması, çevik məzənnə rejiminə keçidə kömək etmək üçün pul siyasəti çərçivəsinin möhkəmləndirilməsi, maliyyə sektoru və nəzarətin gücləndirilməsi və iqtisadiyyatı daha çox şaxələndirmək naminə struktur islahatlarının həyata keçirilməsi daxildir. Bu mənada biz hökumətin layihələrin səmərəliliyinə daha çox diqqət yetirməklə 2016-cı ildə dövlət investisiya xərclərini daha davamlı səviyyəyə doğru əlavə olaraq azaltmaq niyyətini dəstəkləyirik. Rəsmi orqanlar və BVF işçi heyəti iqtisadi siyasət məsələləri müstəvisində yaxından dialoq aparmaq və texniki yardımı artırmaq baxımından razılığa gəliblər”.
Xəbəri Maliyyə Nazirliyinə istinadla APA-Economics yayıb.