Vergilər naziri Fazil Məmmədov fevralın 1-i Şəmkir şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin təmsilçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.
Görüşdə çıxış edən vergilər naziri iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi situasiyadan zərər çəkməməsi üçün hökumətin atdığı addımlar barədə məlumat verərək mövcud iqtisadi şəraitdə iş yerlərinin ixtisarına yol verilməməsinin və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.
Fazil Məmmədov deyib ki, 2016-cı ildə iqtisadi şaxələndirmə, regional inkişaf, qeyri-neft sektorunun inkişafı prioritet olacaq: “Azərbaycan hökumətinin məqsədi ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun ümumi daxili məhsulda və büdcə daxilolmalarında payının artırılmasına, sahibkarlıq fəaliyyətində canlanmaya nail olmaqdır. Bu mənada 2016-cı ildə regionlarda sahibkarlığın inkişafına xüsusi önəm veriləcək.
Yerlərdə sahibkarlığın inkişafı üçün dövlət bütün mümkün addımları atır. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə vergi qanunvericiliyinə ciddi dəyişikliklər edilərək onlara bir sıra vergi güzəştləri verilib, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldılıb, sahibkarlıq subyektlərində yoxlamaların əksəriyyəti dayandırılıb, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə yeni qanunvericilik sənədləri təsdiq edilib. Sahibkarlar bu dəstəkdən faydalanaraq məhsul istehsalının artırılmasına nail olmalıdırlar”.
Nazir yerli sahibkarları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb. Qeyd olunub ki, Şəmkir rayonunda kənd təsərrüfatının, turizmin daha da sürətlə inkişaf etməsi üçün böyük potensial var. Qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran nazir Şəmkir rayonu ərazisində də belə bir sənaye zonasının yaradılması imkanlarının nəzərdən keçirilməli olduğunu vurğulayıb.
Ölkə başçısının dövlət büdcəsindən dotasiya alan rayonların sayının azaldılması ilə bağlı dediklərinə toxunan nazir Şəmkir rayonunun da bu istiqamətdə ciddi addımlar atmasını vacib hesab edib. O vurğulayıb ki, bu, münbit torpağı, suvarma üçün suyu, zəhmətkeş insanları, bacarıqlı sahibkarları olan Şəmkir rayonu üçün kifayət qədər real bir vəzifədir və dövlət büdcəsindən rayona ayrılan vəsaitin məbləğini azaltmaq, gələcəkdə isə tamamilə dotasiyasız işləmək üçün təsirli tədbirlər görülməlidir.
Fazil Məmmədov yerli icra hakimiyyətini və bələdiyyələri sahibkarlarla partnyorluq münasibətlərini dərinləşdirməyə, sahibkarlara hərtərəfli yardım göstərməyə, sahibkarları isə öz növbəsində yeni iş yerləri yaratmağa, istehsal sahələrini genişləndirməyə, bütün bunlarla yanaşı fəaliyyət göstərdikləri bölgələrdə öz sosial məsuliyyətlərini də hiss etməyə çağırıb.
Dəllər qəsəbəsindən olan sahibkar Etibar Əliyev heyvandarlığın və quşçuluğun daha da intensiv inkişaf etdirilməsi üçün rayonda yem zavodunun tikintisinə ehtiyac olduğunu, bu məqsədlə hazırlanmış layihənin reallaşdırılmasına köməklik göstərilməsini xahiş edib.
Kür qəsəbə sakini Şahin Pənahov qəsəbədə yaşayan qadınları işlə təmin etmək üçün formaların tikilişi və xalça sexinin yaradılmasına köməklik göstərilməsini xahiş edib.
Düyərli kənd sakini Rafiq Cəfərov isə Zəyəm çayının suyun istifadə olunmasında yaranmış problemlərdən danışaraq əhalinin su təchizatının yaxşılaşdırılması və su itkisinin qarşısının alınması üçün yeni boru xətlərinin çəkilməsinin vacibliyini diqqətə çatdırıb.
Vergilər naziri Fazil Məmmədov bütün müraciət və təkliflərin nəzərə alınacağını bildirib.
Xəbəri Taxes.gov.az yayıb.