Avropa Şurası Parlament Assambleyasının 28 yanvar iclasında QHT mövzulu iki məruzə müzakirə olunub. AZƏRTAC xəbər verir ki, 30-dan artıq deputatın qatıldığı müzakirələrdə Azərbaycan nümayəndə heyətindən Rafael Hüseynov da çıxış edib.
“Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin rolu və onların müdafiəsinin gücləndirilməsi” adlı məruzədən danışan Rafael Hüseynov deyib: “İnsan hüquqlarının qorunması yarandığı gündən Avropa Şurasının əsas fəaliyyət istiqamətlərindən olub. Bu nəcib iş bu gün də davam etməkdədir və insan hüquq müdafiəçiləri ilə bağlı müzakirələr də əslində həmin vacib problemin tərkib hissələrindən biri sayılmalıdır. 10-15 il əvvəllə müqayisədə Avropada hüquq müdafiəçilərinin, eləcə də səmərəli çalışan təşkilatların sayının bir neçə dəfə artdığını görərik. Bu xüsusən yeni müstəqillik əldə etmiş ölkələrə aiddir. Məhz gənc demokratiyaların möhkəmlənib inkişaf etməsi üçün bu institutun həmin ölkələrdə daha artıq bərqərar olması, cəmiyyət həyatında daha fəal mövqe tutması zəruridir.
İnsan hüquqları müdafiəçilərindən söz açarkən bəzi mühüm nüanslar da var. Kifayət qədər çətin missiyanı yerinə yetirən hüquq müdafiəçilərinin özlərinin hüquqlarının qorunması nə haldadır? Neqativ fəaliyyətlərlə məşğul olan və hüquq müdafiəçisi pərdəsi arxasında gizlənən bəzi insanlardan necə qorunmalı? Vacib məqamlardan biri də hüquq müdafiəçisi anlayışının meyarlarını müəyyən edərək təsdiqləməkdən ibarətdir. Özünü hüquq müdafiəçisi elan edən hər kəsə bu missiyanı həvalə etmək nə dərəcədə doğrudur?
Bunca müxtəlif düşüncələrin oyanması, çoxlu sualların ortaya çıxması, hüquq müdafiəçilərinin üzv ölkələrdə fəaliyyətinin genişlənməsi bir daha sübut edir ki, bu məruzə lazımlıdır və belə müzakirələr gələcəkdə də davam etdirilməlidir”.
Məruzədə Azərbaycanın hüquq müdafiəçiləri ilə bağlı yanlış müddəaların yer aldığını deyən Rafael Hüseynov belə məsələlərdə diqqətli olmağa çağırıb: “Məruzədə bir sıra məqamların dəqiqləşdirilməsinə, obyektivlik naminə bir də nəzərdən keçirilməsinə ehtiyac var. Parlament Assambleyasının təqdim etdiyi məruzə bir və ya iki nəfərin imzası ilə ortaya çıxsa da, bütövlükdə assambleyanın mövqeyi, baxışı kimi qəbul edilir. Ona görə də burada bəhs edilən hər məsələ, hər fakt diqqətlə yoxlanmalı, dəqiqliyinə əminlik hasil olandan sonra mətnə əlavə edilməlidir. Bu məruzədə də bir tərəfin iddiaları əsasında elə məqamlar yer alıb ki, burada mütləq balans gözlənilməli, qarşı tərəfin də mövqeyi öyrənilməli idi.
Çox zaman ən böyük insan haqları pozuntuları elə sadə faktların təhrif edilməsindən, təsadüfən, yaxud məqsədli şəkildə qeyri-dəqiq bəyan edilməsindən törəyir. Azərbaycanla bağlı məruzədə yer alan mülahizələrlə razılaşmaq çətindir, bu fikirlərin hamısı mütləq yenidən baxılmalı və dəqiqləşdirilməlidir. Çünki burada həqiqətə uyğun olmayan məqamlar mövcuddur”.
Müzakirəyə çıxarılmış ikinci məruzə ilə bağlı mülahizələrini bölüşən Rafael Hüseynov Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı əhəmiyyətli irəliləyişlərin olduğunu qeyd edib: “Azərbaycanda, rəsmi məlumata görə, QHT-lərin sayı 4 mindən çoxdur. Əlbəttə, saydan daha vacib olan göstərici işdir və qeyd etmək lazımdır ki, ölkədə kifayət qədər fəal olan belə təşkilatların miqdarı da çoxdur. Ona görə də Azərbaycanla bağlı məruzədə ifadə edilən tənqidi fikirlərlə razılaşmaq çətindir.
Azərbaycanda QHT-lərlə işin təşkili üzrə ayrıca dövlət qurumu mövcuddur, QHT-lərə dövlət qayğısı və dəstəyi də qənaətbəxş səviyyədədir. Lakin bəzən ayrı-ayrı QHT-lərlə əlaqədar problemlərin ortaya çıxması da danılmaz faktdır. Belə hallara bir sıra başqa ölkələrdə də rast gəlinir. Zənnimcə, bu məsələyə bir qədər dərindən diqqət etmək lazımdır. Çünki araşdırmalar göstərir ki, bir sıra hallarda xarici xüsusi xidmət orqanları ayrı-ayrı ölkələrdə müəyyən niyyətlərini və məxfi planlarını həyata keçirmək üçün QHT-lərdən də geniş istifadə edirlər. Təbii ki, hamısından deyil, tora sala bildiklərindən, özlərinə yaxın olanlardan, yaranmasında özlərinin də əli olanlardan, asanlıqla idarə edə bildiklərindən. Müxtəlif rəngli inqilablar, iğtişaşlar yaratmaq üçün külli miqdarda çirkli pulların QHT-lərə kənardan ötürülməsi faktları da bəllidir.
Biz bütün istiqamətlərdə aşkarlığın, şəffaflığın tərəfdarıyıq. Ona görə QHT-lərin də maliyyə qaynaqları, vəsaitləri hara sərf etdikləri açıq elan edilərsə, həmin sahəyə ciddi ictimai nəzarət olarsa daha yaxşı olar. Ancaq yetərincə obyektiv olan belə yanaşma kimlərisə, hansısa qüvvələri narahat edirsə, deməli, onların gizlətmək istədikləri hansısa çirkin məqsədləri var.
Düşünürəm ki, fəaliyyət göstərdiyi ölkənin qanunları çərçivəsində işini qura bilən QHT hansısa çətin problemlərlə üzləşməz və belə bir hal yaranarsa, hamılıqla onun həllinə yardımımızı əsirgəməməliyik”.
Rafael Hüseynov qeyd edib ki, demokratik cəmiyyətin təklif və tələb etdiyi hər dəyər, o cümlədən QHT-lər institutu dövlətlər üçün çox gərəklidir: “Lakin hər bir ölkə, xalq, dövlət, xüsusilə də bizim kimi müstəqilliyini yeni bərpa etmiş dövlətlər üçün ən ali dəyər onun müstəqilliyidir. Bizim başlıca istəyimiz budur ki, QHT-lərin fəaliyyəti dövlətlərimizin, xalqlarımızın daha da güclənməsinə töhfə versin”.