Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC, APA və “Trend” agentliklərinə müsahibə verib. Devalvasiyadan sonra yaranmış vəziyyətə, yanvarın 12-dən başlayaraq ölkənin müxtəlif rayonlarında etiraz aksiyalarına toxunan Əli Həsənov deyib: “Bundan əvvəlki illərdə də hansısa hadisədən istifadə etməklə lokal etirazlar yaratmaq və daha sonra belə aksiyaları bütün ölkəyə keçirmək cəhdləri olub. Politoloji dillə ifadə etsək, bunu müəyyən qüvvələrin “cəmiyyətin nəbzini yoxlaması” kimi də xarakterizə etmək olar. Budəfəki prosesin təşkilatçıları da, iştirakçıları da məlumdur. Bəllidir ki, bəzi müxalifət partiyalarının yerlərdəki fəalları həmin rayonlarda etiraz aksiyaları təşkil etməyə çalışıblar. Özü də bu məsələnin elə təqdim olunmasına cəhd edilib ki, guya “xalq hakimiyyətin siyasətindən narazıdır” və buna görə də öz “etirazını bildirir”.
Əslində isə həmin “aksiyalarda” azsaylı insanlar iştirak edib və çoxu da müxalifət partiyalarının üzvləri və fəalları olub. İstisna deyil ki, bu “aksiyalara” devalvasiyanın psixoloji təsirinə məruz qalmış bəzi sadə insanlar da qoşulublar. Ancaq bunu xalqın “narazılığı”, “etirazı” kimi qələmə vermək yanlış və çox qüsurlu yanaşmadır. Çünki devalvasiyanın mənfi təzahürlərinin aradan qaldırılması üçün hökumətin dərhal həyata keçirdiyi genişmiqyaslı qabaqlayıcı tədbirlər geniş narahatlığa səbəb ola biləcək bütün ssenariləri istisna etdi.
Bir məsələni də xüsusi diqqətə çatdırmaq istərdim. İnandırıcı deyil ki, dünyanın hansısa ölkəsi son 10 ildə Azərbaycanın əldə etdiyi uğurları ortaya qoya bilsin. Bunu da bütün xalq görür, öz liderinə inandığını, onu dəstəklədiyini, mövcud inkişafı, sabitliyi, əmin-amanlığı, quruculuğu hər şeydən yüksək qiymətləndirdiyini və kimlərinsə qurmaq istədiyi məkrli oyunları rədd etməklə konkret mövqeyini açıq nümayiş etdirir”.
Prezidentin köməkçisi əlavə edib ki, uzun illərdir Azərbaycan xalqı sabitlik, əmin-amanlıq içində yaşayır, cəmiyyətdə heç bir kataklizm, kəskin neqativ dəyişiklik baş verməyib və bunun üçün zəmin də mövcud deyil: “Düşünürəm ki, insanlar ilk günlərdə neftin qiymətinin aşağı düşməsini və devalvasiyanı hansısa neqativ prosesin başlanğıcı kimi qəbul etdi və daha çox psixoloji amillərin təsiri altına düşdülər. Belə hallarda bir qayda olaraq kütlə psixologiyası üzə çıxır. Cəmiyyət başqa ölkələrdə baş verən ağrılı siyasi, iqtisadi və sosial proseslərin Azərbaycanda təkrar olunmasını istəmir. Üstəlik, daxildən və xaricdən bəzi qüvvələr bədbin ssenarilər cızmağa və bunu ictimai rəyə təlqin etməyə çalışdılar. Lakin bir tərəfdən hakimiyyətin çevik reaksiyası, digər tərəfdən də sağlam medianın fəallığı, aparılan təbliğat işi öz təsirini göstərdi. Hazırda cəmiyyətdə heç bir gərginlik və pessimist əhval-ruhiyyə müşahidə olunmur”.
Əli Həsənov qeyd edib ki, münaqişə zonasında baş vermiş insidentlərdən tutmuş hər hansı lokal bir hadisəyə kimi Azərbaycanda hər bir kiçik məsələ ilə bağlı xüsusilə internet mediasında müxtəlif şayiələr, qeyri-obyektiv, hətta təxribatçı materiallar yayılır: “Bunun əsas mənbəyi kimi də sosial şəbəkələr çıxış edir. Təəssüf ki, bir çox hallarda internet mediası sosial şəbəkələrdə yayılan bu tipli fərdi məlumatları yoxlamadan tirajlamağa başlayır və ictimai rəyi çaşdırır. Bununla yanaşı bəzi internet saytları ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə, xüsusi həssaslıq tələb edən hallarda sanki düşmən mövqeyi tuturlar. Uzağa getmək lazım deyil, elə devalvasiyadan sonra bəzi saytlar Azərbaycanda “xalq etirazının” başlandığını, xarici “ekspertlərə” istinadən Azərbaycanın bu vəziyyətdən çıxa bilməyəcəyini iddia etdilər. Bir sıra hallarda isə dolların kursunun astronomik səviyyəyə qalxacağını, xarici şirkətlərin Azərbaycanı artıq tərk etdiyi, investisiya siyasətinin iflasa uğradığı kimi əsassız fikirlərlə çıxış etdilər. Bu, dövlətə və xalqa qarşı açıq düşmənçilik mövqeyidir və yolverilməz haldır. Ola bilər ki, belə hallara yol verilməməsi üçün həm qanunvericilik qaydasında, həm də praktiki sahədə bir sıra addımlar atılsın”.