“İqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik”. Yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı giriş nitqində qeyd edib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha dərinləşib: “Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq 2015-ci ildə Azərbaycanda bir çox məsələlər öz həllini tapıb. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilib. O qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq, bu, böyük uğurumuzdur”.
İlham Əliyev keçən il ölkənin iqtisadi inkişafının təmin edildiyini vurğulayıb: “Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1,1 faiz artıb. Ancaq indiki vəziyyətdə neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alsaq, bu, müsbət nəticədir. Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8,4 faiz artıb. Budur əsas göstərici. Bu onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir.
Kənd təsərrüfatı, — bu sahəyə də son vaxtlar xüsusi diqqət göstərilir, — 6,6 faiz artıb. Yəni budur əsas göstəricilərimiz. Bu onu göstərir ki, hətta böhranlı illərdə də biz inkişaf edirik, edəcəyik. Bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və biz bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək.
2015-ci ildə bütün sosial proqramlar icra edilib. Mən bir daha demək istəyirəm, baxmayaraq ki, bu il də bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılıb. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir”.
Prezident dünya iqtisadiyyatının stress vəziyyətində olduğunu deyib: “Neftin qiyməti dörd dəfə düşüb. Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq o da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və milli valyutamızı süni şəkildə istədiyimiz səviyyədə saxlaya bilmərik.
Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaq. Artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər olunub. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik”.
Dövlət başçısı 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində görülən işlərdən də danışıb və qeyd edib ki, Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi tanınır: “Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır. Çünki əgər biz iqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik. Necə ki, indi biz bəzi ölkələri görürük. Əgər özü-özünü təmin edə bilmirsə, bunun başqa yolu yoxdur, gərək başqasının iradəsi ilə hərəkət etsin.
Biz özümüz-özümüzü təmin edirik. Düzdür, keçən il çətin il oldu. Amma nə olar, biz çətinliklə də üzləşməliyik. 1990-cı illərdən çətin dövr olmayıb. Olur, indi dünya iqtisadiyyatı dövri xarakter daşıyır. Biz uzun illər ərzində yüksələn xətlə getmişik. İndi dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərə görə tənəzzül yaşanır. Biz də dünya iqtisadiyyatının bir parçasıyıq. Biz axı özümüzü dünya birliyindən, iqtisadiyyatından təcrid etməmişik. Biz inteqrasiya etmişik, açıq bazar siyasəti, liberal iqtisadi siyasət aparırıq. Ona görə bizə də təsir edir. Eybi yoxdur, biz inamla inkişaf edəcəyik. Biz qarşıda duran bütün vəzifələri icra etməliyik”.
Поделиться “Prezident: “Nə olar, biz çətinliklə də üzləşməliyik””