“Transparency İnternational” təşkilatının Azərbaycan milli bölməsi 2015-ci ilin Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edib. İndeksdə Azərbaycan 29 balla 168 ölkə arasında 119-cu sırada yer alır.
Transparency.az xəbər verir ki, 2015-ci il indeksinin hazırlanmasında ümumilikdə 12 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatından istifadə olunub.
100 bal (çox yaxşı) — 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilən indeksdə 2014-cü il Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada göstərilmişdi.
Hesabata əsasən, son illərdə Azərbaycanın reytinqində cüzi irəliləyiş bir pəncərə sistemi əsasında dövlət xidmətləri göstərən “ASAN xidmət” mərkəzlərinin idarəçiliyi və məmur-vətəndaş arasında birbaşa ünsiyyəti azaldan elektron hökumətin təkmilləşdirilməsi nəticəsində əldə edilib: “Bütün bu dəyişikliklər dolayısı ilə ölkənin KQİ-dəki mövqeyində qeyd olunan artımla nəticələnib. Ancaq KQİ-nin istinad etdiyi mənbələrdən biri olan “Freedom House” insan hüquqları təşkilatının 2015-ci il üzrə keçid dövrü ölkələri hesabatında Azərbaycan geriləyib.
Dünyada neftin ucuzlaşması Azərbaycanın iqtisadi göstəricilərinə mənfi təsir edib, nəticədə iqtisadi bərabərsizliyi dərinləşdirib. Manatın devalvasiyasının düzgün idarə olunmaması və bank sektorunda şəffaflıqla bağlı problemlər iqtisadi rifaha xələl gətirib. Bütün bu hadisələr Azərbaycanın KQİ-dəki mövqeyinin dəyişməz qalmasına səbəb olub”.
“Transparency İnternational” təşkilatının Azərbaycan milli bölməsi hesab edir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir: “Amma korrupsiya hələ də cəmiyyət üçün ciddi problemlərdən biridir. Hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilən qanunların icrasını yaxşılaşdırmalı, işlək vəziyyətdə olmasını təmin etməli, korrupsiya faktı ilə bağlı məlumat vermək istəyən şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atmalı, eləcə də Dövlət Qulluğu Kodeksinin qəbul olunmasını tezləşdirməlidir.
Bütün bunlarla yanaşı büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsi, mülkiyyət hüquqlarının qorunması, o cümlədən torpaqların satışına sadələşdirilmiş verginin tətbiq olunması və tikililərdən vergi tutulması ilə bağlı yeni qaydalara uyğunlaşdırılması, gömrük rəsmiləşdirilməsi qaydalarının və onların icrası sahəsində əsaslı islahatların həyata keçirilməsi üçün xüsusi səy göstərilməlidir. Eyni zamanda elektron müraciət sisteminin elektron xidmətlər səviyyəsinə qaldırılması məsələsi diqqət mərkəzində olmalıdır.
Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizədə ortaya qoyduğu siyasi iradə gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu, islahat səylərinin səmərəliliyi üçün olduqca zəruri şərtdir.
Korrupsiyaya qarşı mübarizənin digər mühüm elementi bütün maraqlı tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. Mövcud iqtisadi çətinliklər hərtərəfli iqtisadi islahatlar və idarəçilik islahatları nəticəsində inkişaf üçün unikal imkana çevrilə bilər. Müsbət haldır ki, proses başlayıb, lakin bu proses vaxt və səy tələb edir və onun şəffaf, hesabatlı və ictimai iştirakçılıq imkanları şəraitində baş tutması vacibdir”.