Milli Məclisin elm və təhsil komitəsinin 2016-cı ildə ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda yeni hazırlanan “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
Komitə sədri İsa Həbibbəyli bildirib ki, ötən ilin fevralında “Elm haqqında” qanun layihəsinin parlamentdə birinci oxunuşda müzakirəsindən sonra sənədə əlaqədar qurumlarla birgə baxılıb, layihə təkmilləşdirilib, müasir dövrün tələblərinə uyğunlaşdırılıb. “Qanun prosesləri öz arxasınca aparmalı, stimullaşdırmalı, genişləndirməlidir” deyən komitə sədri qeyd edib ki, sənədə bir sıra yeni müddəalar, o cümlədən innovasiya və sahibkarlıq fəaliyyəti, multikulturalizm, tolerantlıqla bağlı yeni maddələr salınıb. Azərbaycan Milli Elmlər Akademiyasının yeni qurumlar yaratmaq funksiyaları, ekspedisiya təşkili və digər məsələlər layihədə əksini tapır. Dövlətin elmi-texniki fəaliyyət sahəsində sərmayə, o cümlədən xarici investorların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada güzəştlərin verilməsi təklif olunur. Yəni qrant hesabına, elmin inkişafı üçün gərəkli, lakin ölkədə istehsal edilməyən zəruri avadanlıqların güzəştli şərtlərlə, yaxud da vergilərin tətbiq olunmadan respublikaya gətirilməsi kimi məsələlər təklif edilir.
Yeniliklərdən biri də magistr hazırlığı ilə bağlıdır ki, təhsilin bu pilləsinin iki hissəyə ayrılması təklif olunur. Belə ki, magistr pilləsində peşəkar məqsədlər üçün ixtisas magistrləri, elmi fəaliyyətlə məşğul olmaq üçün isə tədqiqat magistrləri üzrə təhsilin həyata keçirilməsi təklif edilir.
Komitə sədri bu məsələnin gələcəkdə gənclərin elm sahəsinə daha çox üz tutması məsələsinin sürətlənməsi və stimullaşmasına yardımçı olacağını söyləyib. Eləcə də layihədən dövlət təhlükəsizliyinə dair sahələr istisna olmaqla, elmi fəaliyyətin bəzi sahələrinə qoyulan məhdudiyyətlər çıxarılır.
İclasda Milli Məclisin deputatları bildiriblər ki, layihə dövlətin elm sahəsində həyata keçirdiyi siyasətə, ölkədə və dünyada cərəyan edən proseslərə cavab verir.
Deputatlar layihənin ikinci oxunuşda parlamentdə müzakirəyə çıxarılmasını məqbul hesab ediblər.