Jurnalist Rasim Əliyevin ölüm işi üzrə cinayəti bilib xəbər verməmək ittihamı ilə həbs olunan futbolçu Cavid Hüseynovun məhkəməsi başlayıb. Yanvarın 27-də Səbail Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.
“Azadlıq” radiosu xəbər verir ki, hazırlıq iclasında futbolçunun vəkili Adəm Məmmədov iki vəsatət qaldırıb. Bunlardan biri Rasim Əliyevin ölüm işində təqsirləndirilən beş nəfərin prosesinin nəticəsi bəlli olana qədər Cavid Hüseynovun işinə baxılmasının dayandırılması, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda olub. Vəkil ikinci vəsatətində Bakı Ağır Cinayətlər Məhkəməsinə işin hansı mərhələdə olduğunun müəyyənləşdirilməsi məqsədilə sorğu göndərilməsini istəyib.
Cavid Hüseynovun həbsdən buraxılması barədə vəsatət təmin olunmayıb, sorğu göndərilməsi məsələsi isə baxılmamış saxlanıb. İş məhkəmə baxışına verilib və növbəti proses fevralın 10-na təyin olunub.
ANN.TV-də reportyor olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist ağır xəsarətlər alıb və bir gün sonra xəstəxanada keçinib. Hadisəyə görə “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.
Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov ötən il avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə onu “Facebook” səhifəsində tənqid etmiş Rasim Əliyevə zəng vuraraq təkzib verilməsini tələb edib.
Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.
Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.
Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb. Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də araşdırılıb.
Yanvarın 26-sı Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesdə şahid ifadəsi verən Cavid Hüseynov deyib ki, Rasim Əliyevin döyülməsində heç bir rolu olmayıb.
Ötən il avqustun 6-sı “Qəbələ” Bakıda Kiprin “Apollon” klubu ilə beynəlxalq oyunda qələbə qazanıb. Oyun bitəndə qələbə topunun müəllifi Cavid Hüseynov sevincini Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını başı üzərinə qaldırmaqla ifadə edib. Meydançadan ayrılan zaman kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında Cavid Hüseynov yumruqlarını bir-birinə vuraraq Azərbaycan və Türkiyənin bir olduğunu anlatmağa çalışıb. Bu jest videoya düşüb. Futbolçunun əl hərəkəti ilə etdiyi jesti başqa cür qiymətləndirən Rasim Əliyev avqustun 7-də “Facebook”da onu əxlaqsız və tərbiyəsiz adlandırıb.
Avqustun 8-də Rasim Əliyev “Facebook”da yeni bir statusla çıxış edib: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin”.