Samir Əliyev
Mərkəzi Bank artıq sərt addımlara başlayıb. İlin ilk ayında 4 bankı yola salıb. Yaxın günlərdə və ya həftələrdə daha bir neçə bankın bağlanması gözlənir. Belə tələsik addımın səbəbi aydındır. Səbəb bağlanması planlaşdırılan bankların taleyini “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbuluna qədər həll etməkdir. Milli Məclisin növbəti iclası fevralda olacaq. Qanun da fevral ayı ərzində qəbul edilib qüvvəyə minəcək. Hökumət bağlanan və bağlanacaq bankların əmanətlərini tam qaytarmaq istəmir, ona görə də belə tələsik addımlar atılır – bağlanası bankları tez bağlayır. Yerdə qalan problemli bankların taleyini isə konsolidasiya yolu ilə həll edəcəklər.
Hər zaman bankların konsolidasiyasının tərəfdarı olmuşam və düşünmüşəm ki, bankların sayının azaldılmasına ehtiyac var. Ancaq Mərkəzi Bankın hazırda atdığı tələm-tələsik və selektiv seçmə şəklindəki addımlarının bir sıra neqativ nəticəsi olacaq, zərbəsi əmanət bazarına və əmanətçilərə dəyəcək. Əmanət bazarının kiçilməsi sürətlənəcək, əhalinin banklara etibarı azalacaq.
Diqqəti vacib bir məsələyə – əmanətçilərin hüquqlarına yönəltmək istəyirəm. Bağlanan banklar arasında xeyli əmanətçi kontingenti olanları var. Məsələn, NBC Bankı. Ötən ilin 1 dekabrına olan məlumata görə, bu bank 95 milyon manatlıq depozitə malikdir, bunun da 68 milyon manatı əhalinin payına düşür. Həmin əmanətlərin heç də hamısı qorunmur. Şəxsən neçə-neçə adam tanıyıram ki, onların əmanətinin təxminən 50-60%-i kompensasiya məbləğinə uyğundur. Yerdə qalanın taleyi bankın maliyyə vəziyyətinin ümidinə qalacaq.
Sonuncu devalvasiya ən çox zərbəni banklarla yanaşı dollar əmanətçilərinə vurdu. Qanunvericiliyə görə, Əmanətlərin Sığortalanması Fondu hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəyir. Milli valyutaya münasibətdə hər şey aydındır. Payı onsuz da 20% civarındadır. Ancaq dollar əmanətlərində vəziyyət daha faciəvidir. Mövcud hədd ötən ilin bu vaxtları təxminən 38 min 500 dolları tam sığortalamağa imkan verirdisə, hazırda bu rəqəm 19 min dollara qədər azalıb. Əmanətlərin sığortalanması sisteminə ümid edib, məsələn, 30 min dollarlıq (illik 12%) əmanət yerləşdirən və bank bağlanacağı təqdirdə bunun hamısını alacağına ümid edən əmanətçi nəyə görə əsas məbləğdən 11 min dollar (18 min manat) itirməlidir və ümidini bankın vəziyyətinə bağlamalıdır? Artıq mövcud yanaşmada dollar əmanətçiləri ilə manat əmanətçiləri arasında diskriminasiya yaradılır. Axı manatın ucuzlaşması hökumətin qərarı əsasında baş verib. Hökumət öz gəlirlərini artırmaq üçün və valyuta ehtiyatını qorumaq üçün bu addımı atıb və onun zərbəsi təkcə kredit sahiblərinə yox, həm də ləğv edilmiş banklardakı dollar əmanətçilərinə dəyib.
Düşünürəm ki, hökumət “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edərək kompensasiya olunan məbləği 50 min manata (təxminən 31 min 250 dollar) qaldırmalıdır və bunu bağlanmış bankların əmanətlərinə də şamil etməlidir.