Yanvarın 26-sı Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri general-polkovnik Ramil Usubov deyib ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları 26 min 916 cinayət qeydə alıb: “Cinayətlərin 84,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, 15,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. 2014-cü illə müqayisədə qəsdən adam öldürmə 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurma 6,7 faiz, xuliqanlıq 4,5 faiz, avtomobil nəqliyyatının qaçırılması 26,6 faiz, mal-qara oğurluğu 17,1 faiz azalıb.
Qəsdən adam öldürmələrin açılması 9 faiz (98,2 faiz), qəsdən adam öldürməyə cəhdlərin açılması 7,5 faiz (93,8 faiz) yaxşılaşıb. Banditizm, adam oğurluğu, əzab vermə, zorlama cinayətlərinin açılması tam təmin edilib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 344 cinayət açılıb”.
Nazir məlumat verib ki, “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1280 cinayətin isti izlərlə açılması təmin edilib: “Vətəndaşların “102” xidmətinə müraciətləri üzrə görülmüş çevik cavab tədbirləri ilə 10 min 687 hüquqazidd əməlin qarşısı alınıb. “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 348 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 11 min 713 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 111 avtomobil saxlanıb. Ümumən 2014-cü illə müqayisədə cinayətlərin açılması 1,7 faiz yaxşılaşaraq hesabat dövründə 82,4 faiz təşkil edib.
İnterpolun Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi 74 nəfərin və bu təşkilata üzv ölkələrin axtardığı 31 şəxsin yeri müəyyən olunub. Bütövlükdə axtarılan şəxslərin 69,1 faizi tutulub. Eyni zamanda müxtəlif cinayətlər törətmiş 13 min 392, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2 min 457 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib.
Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizədə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 842-si ağır və xüsusilə ağır növlər olmaqla 2 min 637 cinayət törətmiş 923 cinayətkar qrup zərərsizləşdirilib.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 45 faiz çox saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 71 min manat, 79 min 100 ABŞ dolları və 225 min rubl olan 2 min 167 ədəd saxta əsginaz, habelə istifadə müddəti ötmüş 6 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.
Hesabat ilində narkotiklə bağlı 2 min 935 cinayət aşkarlanıb, 169 nəfərdən ibarət 63 cinayətkar qrup zərərsizləşdirilib. İnsan alverinə qarşı milli fəaliyyət planı əsasında görülən tədbirlərlə 12 faiz çox və ya 109 cinayət faktı müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 63 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib”.
Nazir bildirib ki, ölkədə dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 31 min 28 vahid artması (1 339 568 vahid) fonunda yol-nəqliyyat hadisələrinin, qəzalarda ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb: “2014-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 7,5 faiz çox olmaqla 2 milyon 531 min 843 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 2,5 faiz çox, sürət həddinin aşılması ilə əlaqədar 15,3 faiz çox, qəza şəraiti yaratma ilə bağlı 40,5 faiz çox fakt müəyyən olunub.
Bütövlükdə, müxtəlif inzibati xətalara görə ölkə üzrə 2014-cü illə müqayisədə 7,1 faiz çox və ya 2 milyon 641 min 284 protokol tərtib olunub. Nəticədə 2 milyon 543 min 406 şəxs cərimələnib, 4 min 36 nəfəri məhkəmə inzibati qaydada həbs edib, 42 min 30 şəxsə xəbərdarlıq edilib.
Polis əməkdaşlarının yol verdiyi qanun pozuntularının sayı 6,8 faiz, əsassız saxlamaların sayı 32,3 faiz, vətəndaşlarla kobud rəftar hallarının sayı 5,3 faiz azalıb. Döymə, işgəncə vermə, tabel silahını qanunsuz tətbiq etmə, əsassız cinayət məsuliyyətinə cəlb etmə kimi hallar qeydə alınmayıb.
Korrupsiya hüquqpozmalarının sayı 30 fakt və həmin əməllərə yol vermiş əməkdaşların sayı 3,7 dəfə azalıb. Onlardan 16 nəfəri xidmətdən xaric edilib, 7 nəfəri tutduğu vəzifədən azad olunub”.