Prezident İlham Əliyev sosial müdafiə sahəsinə aid fərman və sərəncamlar imzalayıb. Transparency.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fonduna ötən il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı il yanvarın 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılır.
Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 66 manat müəyyən edilir.
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılır.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 110 manat olur.
Fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilir.
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlər isə fevralın 1-dən 10 faiz artırılır.