Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin sosial müdafiə sahəsinə aid yeni sərəncam və fərmanlarını şərh edib. Transparency.az-a göndərilən arayışda qeyd olunur ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 110 manata qalxır, bu sərəncam ümumilikdə 447 nəfər şəxsi əhatə edir. Artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 49,2 min manat əlavə vəsait ayrılacaq.
Dövlət başçısının imzaladığı digər sənədə əsasən, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 66 manata çatdırılır. Fərmanın əhatə etdiyi şəxslərin sayı 18 525 nəfərdir. Qeyd olunan artım üçün dövlət büdcəsindən ilin sonunadək 1,2 milyon manat əlavə vəsait xərclənəcək.
Başqa fərmanla özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği fevralın 1-dən 10 faiz artırılır. Bu aylıq sosial müavinətlər peşə əmək qabiliyyəti 29 faizədək itirildiyi halda 33 manat, 30 faizdən 59 faizədək itirildiyi halda 44 manat, 60 faizdən 79 faizədək itirildiyi halda 55 manat, 80 faiz və daha çox itirildiyi halda isə 66 manat, işçi həlak olduqda isə 77 manat müəyyən edilib. Bu artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 47,6 min manat əlavə vəsait ayrılacaq.