Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin işi üzrə prosesi yanvarın 26-da davam etdirib. Prosesdə futbolçu Cavid Hüseynov şahid ifadəsi verib.
ANN.TV-də reportyor olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist ağır xəsarətlər alıb və bir gün sonra xəstəxanada keçinib. Hadisəyə görə “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.
Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov ötən il avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə onu “Facebook” səhifəsində tənqid etmiş Rasim Əliyevə zəng vuraraq təkzib verilməsini tələb edib.
Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.
Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.
Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb.
APA-nın məlumatına görə, 26 yanvar prosesində şahid ifadəsi verən Cavid Hüseynov deyib ki, Elşən İsmayılov onun bibisi oğludur, digər təqsirləndirilən şəxsləri isə tanımır: “Rasim Əliyevin barəmdə yazdıqlarını Elşən mənə mesajla göndərdi. Mənsə ona dedim ki, fikir vermə. Gördüm ki, Elşən çox əsəbidir, mən Rasimin telefon nömrəsini alıb onunla danışdım. Sonra Elşənə dedim ki, məsələ bitib, boş ver. Lakin Elşən mənə dedi ki, Rasim söyüş söyüb, bu şəxsi məsələdir. Mənim onların arasında baş verən hadisədən xəbərim olmayıb. Sonra bildim ki, Rasimi xəstəxanaya yerləşdiriblər, yanına getdim. Bir gün sonra isə vəfat etdiyini eşitdim. Onda isə Elşənə dedim ki, get polisə və hər şeyi olduğu kimi danış. Mən Rasimin öləcəyini gözləmirdim. Ağlıma gəlsəydi ki, belə bir hadisə baş verə bilər, onda Rasimi başqa xəstəxanaya aparardım”.
Report.az-ın məlumatına görə, Cavid Hüseynov deyib ki, Rasim Əliyevə zəng vuranda “Facebook”da belə bir status yazmasının səbəbini soruşub: “Dedi ki, yunanıstanlı jurnalist həmkarıma hörmətsizlik etmisən. Mən isə o hərəkətdə heç bir hörmətsizlik etmədiyimi, həmin işarə ilə Türkiyə ilə qardaş olduğumuzu göstərdiyimi bildirdim. Rasim məni başa düşdü, üzr istədi. Dedim ki, üzr istəmək lazım deyil, o söhbət bağlandı. Elşənə də dedim ki, Rasim məndən üzr istəyib, məsələ bitsin. Sonradan Elşəngilin Rasimlə görüşməyə getməsini, aralarında nə baş verdiyini bilməmişəm. Hadisədən sonra Elşən mənə dedi ki, Rasimə bir təpik vurdum. Mən də Elşəni danladım”.
Ötən il avqustun 6-sı “Qəbələ” Bakıda Kiprin “Apollon” klubu ilə beynəlxalq oyunda qələbə qazanıb. Oyun bitəndə qələbə topunun müəllifi Cavid Hüseynov sevincini Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını başı üzərinə qaldırmaqla ifadə edib. Meydançadan ayrılan zaman kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında Cavid Hüseynov yumruqlarını bir-birinə vuraraq Azərbaycan və Türkiyənin bir olduğunu anlatmağa çalışıb. Bu jest videoya düşüb. Futbolçunun əl hərəkəti ilə etdiyi jesti başqa cür qiymətləndirən Rasim Əliyev avqustun 7-də “Facebook”da onu əxlaqsız və tərbiyəsiz adlandırıb.
Avqustun 8-də Rasim Əliyev “Facebook”da yeni bir statusla çıxış edib: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin”.