Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, 5000 dollaradək krediti olan müştərilərə borcu əvvəlki məzənnə ilə qaytarmaları üçün müəyyən güzəştlər edilə bilər. O, güzəştin reallaşması üçün 250 milyon dollaradək vəsaitə ehtiyac olduğunu vurğulayıb: “Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir”.
İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankı əhaliyə kompensasiya ödəmək mexanizmini reallaşdırmağa səsləyib. Transparency.az-ın məlumatına görə, ekspert bu addımın bank sektorunu qorumaqla yanaşı hər bir ailəyə dəstək olacağını düşünür: “Mərkəzi Bank ödəniləcək kompensasiyanın cəmi 250 milyon dollar olduğunu desə də, yekun qərar yoxdur. Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır. Bu isə o deməkdir ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manata yüksəlib. Deməli, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları banklara əlavə olaraq 3 milyard 813 milyon manat vəsait ödəməlidir.
Manatı 50 faiz dəyərsizləşdirməklə əhaliyə 4 milyard manata yaxın əlavə xərc yaradan Mərkəzi Bank hətta 250 milyon dolları ödəməyi belə yubadır. Nəinki iqtisadi modellər, hətta adi riyazi hesablamalar da göstərir ki, əhali və biznesin bu xərci qarşılaması mümkün deyil. Mərkəzi Banka ən azı 10 min dollaradək kreditlər üzrə fərqi ödəməsini təklif edirəm.
Kreditlərin dəyər ifadəsi ilə yanaşı borcluların sayının çoxluğu da bank sektorunda “piramida” prinsipinin formalaşdığından xəbər verir. 3 il öncə banklar ödəmə qabiliyyətini yoxlamadan kredit kartları paylayanda və Mərkəzi Bank prosesə müdaxilə etməyəndə bu “köpük”lərin bir gün partlayacağını demişdik. Nəticədə borclananların sayı 2 milyon 532 min 712 nəfərə çatıb. Borclanan fərdi şəxslər 2 milyon 497 min 609, hüquqi şəxslər isə 11 min 241 nəfərdir. Sahibkarlıq subyektlərinin sayı cəmi 23 min 862 iş qurumudur.
Hazırda orta hesabla hər ailədə ən azı bir borclu var. Deməli, Mərkəzi Bankın qərarı hər bir ailəyə təsir edəcək addımdır və ən azı bu baxımdan baş bank kompensasiya mexanizmini tətbiq etməlidir. Problem heç də borclananlarla tamamlanmır. Hazırda Azərbaycanda 1 milyon 205 min 81 zamin var. Yəni orta hesabla hər 4 nəfərdən biri banka borclu, hər 8 nəfərdən biri isə zamindir. Göründüyü kimi, istər borcun dəyəri, istər say ifadəsi göstərir ki, bu gün sadəcə vətəndaşların borc öhdəliyinin azalması deyil, eyni zamanda bank sektorunun qorunması məhz kompensasiya mexanizmindən asılıdır”.
2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb. Hazırda rəsmi kursla 1 dollar 1 manat 60 qəpikdən bahadır.