İl yarım öncə – 2014-cü il iyulun 24-də prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun yenilənməsi haqqında sərəncam verib. Sərəncama əsasən, 2015-ci il yanvarın 1-dən rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalı idi.
Təhsil Nazirliyi 2016-cı ildən şəhər və rayonlar üzrə nəzərdə tutulmuş təhsil xərclərini yeni yaradılan ərazi maliyyə hesablaşma mərkəzləri vasitəsilə həyata keçirəcəyini bildirib. Bəs regional təhsil qurumları niyə yaradılmadı? Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov Transparency.az-ın bu sualına cavabında deyib ki, hələ ki, ərazi maliyyə mərkəzləri yaradılır: “Təhsil Nazirliyi indiki halda suala yalnız bu qədər cavab verə bilir. Yaradılan ərazi maliyyə mərkəzləri də 24 iyul 2014-cü il sərəncamının icrasından irəli gəlir”.
Transparency.az danışan iqtisadçı ekspert Rövşən Ağayev Təhsil Nazirliyinin strukturunun yenilənməsi haqqında sərəncamın icra olunmamasını islahatlara düzgün yanaşmamaqla bağlayıb. Ekspert deyib ki, regional təhsil idarələri yaratmaq üçün Təhsil Nazirliyi lap “aşağı”dan başlayaraq köklü dəyişikliklərə getməli idi: “Bizdə islahat aparmaq cəhdi ona görə nəticəsiz qalır ki, prosesə sistemli yanaşılmır. Regional qurumların yaradılması idarəetmədə çevikliyi, mobilliyi, büdcədən qənaətli istifadəni və digər məsələlərin həllini təmin edir. Bizdə məktəblər rayon təhsil şöbələrindən tam asılıdır, onların heç birinin müstəqil hesabı yoxdur, hər birinin mühasibatını mərkəzləşmiş qaydada təhsil şöbələri aparır. Belə vəziyyətdə regional təhsil idarələri yaradılsa, məktəb rəhbərliyi hər dəfə hansısa məsələ ilə bağlı yüz kilometr məsafə qət edib mərkəzə getməlidir.
Regional qurumlar o vaxt effekt verər ki, məktəblərə maliyyə sərbəstliyi və inzibati muxtariyyət verilsin. Belə halda məktəb müstəqil təşkilata çevrilir, onun təsərrüfat vahidi kimi özünün bank hesabı olur, nazirlikdən köçürülən vəsait birbaşa onun hesabına istiqamətlənir. Məktəblərin fəaliyyətinə, işinin keyfiyyətinə nəzarəti ilk növbədə məktəblərdə yaradılan qəyyumlar şurası – müəllimlər və valideynlərdən ibarət idarə heyəti həyata keçirir. Qəyyumlar şurası təhsilin keyfiyyəti, maliyyə məsələləri və digər məsələlərlə bağlı müntəzəm qiymətləndirmə aparır, rəhbərlik ildə bir neçə dəfə mərkəzə hesabat təqdim edir. Bütün bunlar olandan sonra regional təhsil idarələrinin təhsil prosesinə nəzarətinə də ehtiyac qalmır. Bu, dünyada qəbul olunmuş bir təcrübədir, sistemdir”.
Rövşən Ağayevin rəyinə görə, islahatlar sistemli, kompleks yanaşma fəlsəfəsi tələb edir: “Hədəflərə çatmaq üçün maneələr əvvəldən dəqiq hesablanmalıdır. Avropada hansısa islahata doğru addım atılırsa, mütləq bununla bağlı “policy paper”, yəni siyasət sənədi işlənir. Sənəddə mövcud durum təhlil edilir, istiqamətlər dəqiq müəyyənləşir, istiqamətlərə getmək yolunda maneələr qiymətləndirilir, maneələr nə dərəcədə ciddi xarakter daşıyır, onları aşmaq üçün hökumət hansı mexanizmləri tətbiq etməlidir, ona hansı maliyyə və kadr resursları gərəkdir kimi suallara konkret cavablar əksini tapır. Bizdə bu cür peşəkar yanaşma mexanizmi olmadığına görə il yarım əvvəl regional təhsil qurumlarının yaradılması haqqında qərar qəbul edilsə də, bu yöndə iş görülməyib”.