Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks jurnalist Xədicə İsmayılın işinə görə Avropa İnsan Hüquqları Məhkəməsinə xüsusi müdaxilə vəsatəti ilə müraciət edib. “Azadlıq” radiosunun məlumatına görə, vəsatət jurnalistin Azərbaycan Respublikasına qarşı iddiası əsasında nəzərdən keçiriləcək.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub. Həmin il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın hökmünü qüvvədə saxlayıb.
1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyib. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.
Avropa Şurasının insan haqları komissarı Nils Muiznieksin Avropa İnsan Hüquqları Məhkəməsinə vəsatətində Azərbaycanda insan haqları müdafiəçilərinə, müstəqil jurnalistlərə və vətəndaş cəmiyyəti üzvlərinə qarşı hücumlar ayrı-ayrı epizodlar üzrə geniş təsvir olunur. Nils Muiznieks yazır ki, bu vəziyyətə görə Azərbaycan hakimiyyətinə onun özünün və Avropa strukturlarının dəfələrlə etdiyi çağırışlar qulaqardına vurulur. Komissar Azərbaycanın insan haqlarına dair öhdəliklərinə əməl etmədiyini vurğulayır.
Nils Muiznieksin fikrincə, Azərbaycan hakimiyyəti korrupsiyanı və insan haqları pozuntularını ifşa etdiyinə görə jurnalist Xədicə İsmayıldan qisas alır. Komissar hesab edir ki, Xədicə İsmayıla qarşı irəli sürülmüş ittihamlar ədalətsizdir və onu susdurmaq məqsədi güdür.
Komissar bildirir ki, Azərbaycanda insan haqları müdafiəçilərinin təqibinə son qoyulmalı və bu sahədə fəaliyyətlərinə görə həbs edilənlərin hamısı azadlığa buraxılamlıdır.