Baş Prokurorluğun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin araşdırması zamanı Bakıda fəaliyyət göstərən “Fazil” firmasının istehsal etdiyi “Rossiyskoye №40” və “Rossiyskoye №10” kombinə edilmiş xüsusi yağ nümunələrinin etiketində qeyd olunan məhsullarda süd yağının miqdarının müvafiq olaraq 40% və 10% göstərildiyi halda bu göstəricilərin dəfələrlə az, yəni müvafiq olaraq 0,49% və 1,22% olması müəyyən edilib: “Toplanmış materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Araşdırma zamanı fakta görə Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, “Fazil” firmasının direktoru Tahir Sadıxov şübhəli şəxs qismində saxlanıb. Hazırda qeyd olunan cinayətin törədilməsində iştirak etmiş digər təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Başqa bir məlumata əsasən, “Giləzi Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə direktoru Elçin Əliyevin 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 60 qəpiyə qaldıraraq çox sayda təsərrüfat subyektlərinə və fiziki şəxslərə ümumilikdə 211 min 790 manat artıq qiymətə, “Hacıqabul Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri Amid Babaşovun isə 1 qutu yumurtanın qiymətini 41 manatdan 56 manat 50 qəpiyə qaldıraraq ümumilikdə 141 min 63 manat artıq qiymətə satışını apardığı üzə çıxıb: “Giləzi Quşçuluq” MMC-nin direktoru Elvin Eminov, cəmiyyətin satış üzrə direktoru Elçin Əliyev və “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin satış üzrə meneceri Amid Babaşov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Elçin Əliyev və Amid Babaşov barəsində məhkəmənin qərarı ilə həbs, Elvin Eminov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib”.