Prezident: “Azərbaycanda müəyyən dərəcədə ajiotaj yaranıb”
“Hər bir ölkə və hər bir ailə ayağını yorğanına görə uzatmalıdır”. Yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələrin çətinliklərlə üzləşdiyini vurğulayıb: “Neftin qiymətinin düşməsi bu gün də davam edir. Biz 2016-cı ildə də bu prosesi müşahidə edirik. Son bir il ərzində neftin qiyməti 4 dəfə düşüb. Yəni bütün neft ixrac edən ölkələrin gəlirləri böyük dərəcədə azalıb. Təsəvvür edin, əgər hər hansı bir ailədə gəlirlər 4 dəfə aşağı düşürsə, əlbəttə ki, o ailədə ailə büdcəsinə yenidən baxılmalıdır.
Təbii ki, Azərbaycanın gəlirlərinin böyük hissəsi neftlə bağlıdır. Biz uzun illərdir çalışırıq ki, neftdən asılılığı azaldaq. Buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Belə olan halda neftin qiymətinin aşağı düşməsi bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərir. Hər bir ölkə və hər bir ailə ayağını yorğanına görə uzatmalıdır. Deyə bilərəm ki, Azərbaycan bu vəziyyətdən çıxmaq üçün çox ciddi addımlar atır. Bizimlə eyni vəziyyətdə olan ölkələr arasında bu böhranlı vəziyyətdən Azərbaycan ən az itkilərlə çıxa bilib”.
İlham Əliyev qeyd edib ki, indi əsas vəzifələrdən biri insanların sosial müdafiəsini diqqətdə saxlamaqdır: “İlk növbədə insanların sosial müdafiəsi məsələləri öz həllini tapmalıdır və tapır. Pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Bizim imkanımız hələlik buna çatır. Bir daha demək istəyirəm ki, hər bir dövlət ayağını yorğanına görə uzatmalıdır. Onu da qeyd etmək istəyirəm ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün bu neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik. Hər halda bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır. Bir daha demək istəyirəm ki, bizim güclü sosial siyasətimizin təzahürüdür.
Süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılmalıdır və aparılır. Əfsuslar olsun ki, bəzi hallarda natəmiz insanlar, işbazlar bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə qaldırmağa çalışırlar. Dövlət orqanları, prokurorluq, istehlak bazarına nəzarət edən orqanlar bu məsələ ilə ciddi məşğuldurlar. Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu da sosial təşəbbüsdür. İlk növbədə biz bunu çətin vəziyyətdə olan insanların mənafeyini nəzərə alaraq edirik. Çalışmalıyıq ki, gələcəkdə bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud da ki, siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaqlar. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar.
Mən Nazirlər Kabinetinin iclasında qeyd etmişdim ki, struktur islahatları dərinləşməlidir. Bu məsələlərlə bağlı artıq addımlar atılır. Əslində bu, daimi proses olmalıdır. Dövlət orqanlarının strukturu elə olmalı və imkan verməlidir ki, bu orqanlar operativ, çevik siyasət aparsınlar və bu siyasətin çox böyük səmərəsi olsun. Ona görə bir-birini təkrarlayan, yaxud da ki, o qədər də lazım olmayan dövlət qurumları ya birləşdirilir, ya da ki, ləğv edilir. Əlavə tapşırıqlar verilib. Bu tapşırıqlar hazırda müzakirə olunur və yaxın vaxtlarda təkliflər veriləcək”.
Manatın devalvasiyasına toxunan prezident deyib: “Neftin qiymətinin kəskin düşməsindən və qonşu ölkələrdə milli valyutaların devalvasiyasından sonra, əlbəttə ki, biz də manatı əvvəlki səviyyədə saxlaya bilmədik. Baxmayaraq ki, buna çox çalışırdıq. Deyə bilərəm ki, qonşu valyutalar arasında Azərbaycan manatı ən çox müqavimət göstərən valyuta idi. Ancaq devalvasiya qaçılmaz idi və bunun səbəbinin Azərbaycanın daxili vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, xaricdə formalaşan səbəblərdir.
İndiki vəziyyətdə milli valyutamıza etimad müəyyən qədər azalıb. Biz bu etimadı bərpa etməliyik. Manat sabit valyutadır. On il ərzində – 2005-ci ildə pul islahatı aparılandan sonra on il ərzində manat nəinki öz məzənnəsini saxlayıb, hətta dollara qarşı 30 faiz bahalaşıb. Əslində əgər biz on ilin dinamikasına baxsaq, pul islahatı aparılandan sonra manat elə bil ki, hər il 5 faiz qiymətini itirib. Ancaq bu, bir il ərzində olduğu üçün, əlbəttə ki, bunun təsiri daha da ciddi olub. Ona görə indiki şəraitdə biz manata olan inamı bərpa etməliyik. Biz deyəndə, əlbəttə, mən dövləti, hökuməti, iqtisadi bloku, bank sektorunu və vətəndaşları nəzərdə tuturam. Biz hamımız bu istiqamətdə iş aparmalıyıq.
Əfsuslar olsun ki, Azərbaycanda dollarizasiya prosesi gedir. Bunun heç bir iqtisadi əsası yoxdur. Bəzi ölkələrin devalvasiyaya uğrayan valyuta bazarına nəzər salsaq görərik ki, orada dollarizasiya getmir. Azərbaycanda müəyyən dərəcədə ajiotaj yaranıb. Özü də bu ajiotaj yenə də başqa ölkələrdə baş verən proseslərlə bağlı idi. Məsəl üçün, 2014-cü ilin sonu, 2015-ci ilin əvvəli misal kimi gətirilə bilər. O vaxt Azərbaycanda manatla bağlı heç bir problem yox idi. Qonşu ölkələrdə milli valyutalar dəyərdən düşürdü. Əfsuslar olsun ki, bizdə bəzi qurumlar və insanlar bu vəziyyəti Azərbaycan reallıqlarına da keçirməyə cəhd etmişdilər. Ondan sonra – keçən ilin yay aylarında valyuta bazarında müsbət meyllər müşahidə olunmağa başlamışdı. Bu da təbii idi. Çünki görülən tədbirlər bunu diktə edirdi. Ancaq yenə də bəzi qonşu ölkələrdə milli valyutalar kəskin şəkildə aşağı düşdü və dərhal Azərbaycanda ajiotaj yarandı. Ona görə indiki vəziyyətin yaranmasında Azərbaycan daxilində baş verən heç bir amil yoxdur. Bütün bu amillər kənarda formalaşıb. Neftin qiymətinin düşməsi, qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi və bunun bir neçə dalğası əfsuslar olsun ki, Azərbaycanda da valyuta bazarında panika, ajiotaj yaradıb.
Dollara qarşı bütün valyutaların ucuzlaşması prosesi gedir. Hətta avro da öz dəyərini saxlaya bilmədi, təxminən 30 faiz ucuzlaşdı. Ona görə manatın məzənnəsinin sabit saxlanması təkcə hökumətdən asılı deyil. Əlbəttə, burada islahatlar dərinləşəcək, əlavə addımlar atılacaq. Amma vətəndaşlar da bununla bağlı hökumətlə bir istiqamətdə fəaliyyət göstərməlidirlər. Bu halda əminəm ki, manata inam bərpa olunandan sonra biz bu vəziyyətdən ən az itkilərlə çıxa biləcəyik”.
Dövlət başçısı indiki şəraitdə qeyri-neft sektorunun inkişafının daha da böyük önəm daşıdığını qeyd edib: “Əfsuslar olsun ki, bu gün biz ərzaq təhlükəsizliyini tam təmin edə bilməmişik. Bunun obyektiv səbəbləri var. Biz hələ ki, dünya bazarlarına qeyri-neft sektoru xətti, böyük ixrac malları ilə çıxa bilmirik. Bunun da səbəbi ondan ibarətdir ki, ilk növbədə biz idxalı azaltmalıyıq. Çünki müstəqilliyimizin ilk illərində Azərbaycanda heç nə istehsal olunmurdu. Bütün istehlak malları, o cümlədən gündəlik tələbat malları xaricdən gəlirdi. Bu gün Azərbaycan böyük dərəcədə öz ehtiyaclarını ödəyir — həm tikinti materialları, həm ərzaq malları sahələrində. Ancaq bu yerli istehsal mallarının tərkibində xarici komponent var. Biz növbəti illərdə çalışmalıyıq ki, bu xarici komponenti də aradan götürək, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının xammalı da məhz Azərbaycan mənşəli olsun. Ona görə qeyri-neft sektorunun inkişafı sürətlə gedir və gedəcək.
Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcək. Onların da vəsaitlərini nəzərə alsaq, iqtisadiyyatın real sektoruna, o cümlədən regionlarda qoyulacaq investisiyaların həcmi təqribən 1 milyard manata yaxın olmalıdır. İqtisadiyyat Nazirliyi 1 milyard 500 milyon manat həcmində investisiya layihələrini tərtib edib, hazırlayıb. Bu layihələr tezliklə icra edilməlidir. Hesab edirəm ki, Azərbaycanın iş adamları ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar ki, bu sahədə biz qısa müddət – bir-iki il ərzində öz ehtiyaclarımızı tam bağlaya bilək. Vəzifə bundan ibarətdir”.
Поделиться “Prezident: “Azərbaycanda müəyyən dərəcədə ajiotaj yaranıb””