Yanvarın 19-u Milli Məclisin növbədənkənar iclasında deputatlar Vergi, İnzibati Xətalar məcəllələrində, “Əmanətlərin sığortalanması haqqında”, “Valyuta tənzimi haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gömrük tarifi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələri də nəzərdən keçiriblər.
“Əmanətlərin sığortalanması haqqında” qanunda yeniliyə əsasən, əmanətlərə görə olan dividendlərdən heç bir faiz tutulmayacaq.
Vergi Məcəlləsinin 102-ci maddəsinə edilən dəyişikliklərə əsasən, fevralın 1-dən etibarən üç il müddətində yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitet tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividend diskont (istiqrazların nominallığından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad edilir.
Vergi Məcəlləsində daha bir dəyişikliyə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.
“Valyuta tənzimi haqqında” qanuna edilən dəyişikliklərə görə, bank materiallarının Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla müəyyən edilir. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxs (dövlətin tam mülkiyyətində olan, habelə kapitalından dövlətin iştirak payı 50 faizdən çox olan müəssisə və təşkilatlar istisna olmaqla) birbaşa investisiya əməliyyatı üzrə əməliyyatın məbləğinin 20 faizi miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə ödəməklə Azərbaycandan kənara xarici valyutanı köçürə bilər.
İnzibati Xətalar Məcəlləsində dəyişikliyə əsasən, ödəniş kartı ilə qanunda nəzərdə tutulan hallarda aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə edilir.
“Dövlət satınalmaları haqqında” qanunda düzəlişə əsasən, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edilir.
“Gömrük tarifi haqqında” qanunda dəyişikliklər də qəbul edilib.
Xəbəri AZƏRTAC yayıb.