Prezident İlham Əliyevin 16 yanvar sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev yanvarın 18-də bununla bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC-ın məlumatına görə, fond sədri Azərbaycanda 1 yanvar 2016-cı ilə 1 milyon 296 min pensiyaçının olduğunu bildirib. O qeyd edib ki, əmək pensiyalarının baza hissəsinin artırılması sərəncamı təxminən 1 milyon 223 min pensiyaçıya şamil olunacaq: “Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 73 min nəfərdir. Onların pensiyaları “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq fərqli qaydada artırılır”.
DSMF sədri deyib ki, pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 169 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaq: “Pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar (17 min nəfər) üzrə artım 13 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə (8700 nəfər) isə 21 manat təşkil edəcək.
Milli Qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 220 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 203 manat 50 qəpiyə çatacaq.
Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artacaq.
Böyük Vətən müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 19 manat çoxalır. I qrup BVM əlilləri üzrə artım 25 manat, II qrup BVM əlilləri üzrə 21 manat, III qrup BVM əlilləri üzrə 19 manat olacaq”.
Elman Mehdiyev qeyd edib ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcək.