Yanvarın 18-də mətbuat konfransı keçirən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev prezident İlham Əliyev sosial müdafiə sahəsində imzaladığı sərəncam və fərmanlardan söz açıb. Həmin sənədlərə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə prezident təqaüdünün, şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləğləri, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən artır.
Transparency.az-ın məlumatına görə, nazir müavini İdris İsayev prezidentin 16 yanvar 2016-cı ildə imzaladığı fərman və sərəncamlara toxunaraq deyib ki, 1 milyon 223 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilmiş əlavələr 10 faiz artırılacaq: “Birinci qrup gözdən əlillərin və birinci qrup əlil olan digər pensiyaçıların pensiyalarında daha əhəmiyyətli dərəcədə artımlar ediləcək. Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 milyon manat əlavə büdcə vəsaiti sərf olunacaq”.
Nazir müavini nəzərə çatdırıb ki, şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib, bu fərman 13487 nəfər şəhid ailəsini əhatə edəcək və həmin artımın maliyyələşdirilməsinə ilin sonunadək 3 milyon manata yaxın əlavə büdcə vəsaiti yönəldiləcək: “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən təqaüdün məbləğinin artırılması da nəzərdə tutulur. Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manatdan 165 manata, II qrup əlillər üçün 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Bu artımlar 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 317 nəfər şəxsə şamil olunacaq. Onlardan 18 nəfəri I qrup, 190 nəfəri II qrup, 109 nəfəri isə III qrup əlildir”.
Hökumət rəsmisinin sözlərinə görə, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2016-cı il fevralın 1-dən 10 faiz artırılması ilin sonunadək 11,3 milyon manata yaxın əlavə büdcə vəsaiti hesabına başa gələcək, 566 min nəfər məcburi köçkünə şamil olunacaq.
İdris İsayev vurğulayıb ki, yaxın günlərdə digər sosial ödənişlərin, o cümlədən əmək haqlarının artırılması barədə ardıcıl şəkildə müvafiq fərman və sərəncamların imzalanması, qərarların qəbul olunması, nəticə etibarilə ümumilikdə 3,6 milyon nəfəri əhatə edən sosial ödənişlərin artırılması nəzərdə tutulur.