Prezident İlham Əliyev yanvarın 18-də keçirilən iqtisadi və sosial müşavirədə beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması ilə bağlı tapşırıqlar verib.
Transparency.az-a bu mövzuda danışan iqtisadçı ekspert Rövşən Ağayev hökumətin özəlləşdirmə, investisiya yatırılması sahəsində tədbirlərdən öncə bir sıra vacib islahatlar aparmasını zəruri sayıb. Ekspert bildirib ki, öncə şəffaf idarəçilik, icra hakimiyyəti orqanlarının təkmilləşdirilməsi, müstəqil məhkəmə hakimiyyətinin bərqərar edilməsi yönündə təşəbbüs göstərilməlidir: “Ölkənin investisiya üçün nə dərəcədə təminatlı olduğuna diqqət yetirilməlidir. Hökumətin özəlləşdirmə gündəliyi şəffaf deyil. Son illər bir neçə xarici investor ölkəmizdən baş götürüb gedib. İnvestorlar azad məhkəmə sisteminə, siyasi sabitliyə, mülkiyyət toxunulmazlığına söykənməyən iqtisadiyyatlara üz tutmaq istəmirlər. Ona görə geniş özəlləşdirmə proqramı hazırlanmazdan qabaq bunun xarici və yerli investorlar üçün nə dərəcədə cəlbedici olub-olmadığı araşdırılmalıdır. Şəffaf mexanizmlər mövcuddurmu ki, 20 il əvvəl keçirdiyimiz özəlləşdirmənin aqibətini yaşamayaq, müəssisələr su qiymətinə satılıb, ayrı-ayrı güclərin əlinə keçməsin – bu suala aydınlıq gətirilməlidir.
Özəlləşdirmənin şəffaf müsabiqələr yoluyla keçirilməsi mexanizmləri yaradılmalı, ictimai nəzarət olmalıdır. Müəssisənin dəyərləndirilməsi və satışı hamının gözü qabağında aparılmalıdır”.
“İndi Azərbaycanda hansı sahələrdə özəlləşdirmə başlana bilər” sualına cavab verərkən Rövşən Ağayev deyib ki, bu iş iki formada – özəlləşdirmə və dövlətsizləşdirmə formasında həyata keçirilə bilər: “Özəlləşdirmənin nə olduğu aydındır – dövlət hansısa müəssisəni satır, həmin müəssisə xüsusi mülkiyyətə çevrilir. Dövlətsizləşdirmə zamanı isə müəssisə satılmır, sadəcə olaraq uzun müddətə özəl sektora icarəyə verilir. Bu da effektli metoddur və bu metodların – özəlləşdirmə və dövlətsizləşdirmənin hər ikisindən istifadə olunmalıdır. Biz bəzi dövlət əmlaklarının uzun müddətə icarəyə verilməsinə şərait yaradan konsepsiya qəbul etməliyik. Öncə kommunal sahədə bunu tətbiq etmək olar. “Azərsu”, “Azəriqaz”, “Azərişıq”, “Azəristiliktəchizat” kimi şirkətləri uzun müddətə özəl sektorun, xüsusilə də xarici şirkətlərin idarəetməsinə vermək olar. Bu addımla dövlət həm də öz yükünü azaldardı, çünki bu şirkətlərə hər il dövlət büdcəsindən vəsait ayrılır. Özəlləşdirməyə gəlincə, tutalım, Dövlət Neft Şirkətinin nəzdində olan “Azərkimya” İstehsalat Birliyi satışa çıxarıla bilər”.
Ekspert hesab edir ki, hökumət təkcə dövlət şirkətlərinin özəlləşdirilməsində maraqlı olmamalı, eyni zamanda bir çox özəl şirkətin açıq səhmdar cəmiyyətlərinə çevrilməsinə çalışmalıdır: “Məsələn, xarici investorların “Gilan Holdinq”, “Azərsun” kimi şirkətlərin səhmlərinin ən azı 30-35 faizini almasına stimul verilməlidir. Bunun üstünlüyü ondadır ki, həmin şirkətlər korporativ qaydada idarə olunacaq. Yəni hökumət özəlləşdirmə ilə yanaşı, korporativləşmə proqramını elan etməlidir. Düzdür, adını çəkdiyim şirkətlərin səhmləri var, amma xarici investorlara çox da açıq deyil. Hökumət belə şirkətlərin xarici fond bazarlarına çıxmasına stimul versə, strateji investorlar buna maraq göstərəcəklər. Səhmlərin müəyyən faizini alandan sonra xarici investor görəcək ki, Azərbaycanda işləmək imkanı var. Bu bir növ bizim özəlləşdirmə proqramımızın, özəl sektorun reklamı olacaq. Eyni qaydada Dövlət Neft Şirkətini də səhmləşdirmək olar. Yeri gəlmişkən, beynəlxalq şirkətlər və təşkilatlar xeyli vaxtdır bunu tələb edir. Belə olarsa, Dövlət Neft Şirkəti həm qapalılıqdan çıxar, ölkəyə əlavə vəsait gələrdi. Qoy dövlət səhmlərin 80 faizini özündə saxlasın, amma qalanını xarici investora versin. Nəticədə həm beynəlxalq standartlara uyğun korporativləşmə həyata keçər, həm ölkəyə pul gələrdi.
Rabitə sahəsində də bu cür özəlləşdirməyə getmək mümkündür. Azərbaycanda mobil operatorlar özəldir və onlar bir rabitə şirkəti kimi daha yaxşı fəaliyyət göstərirlər. Özəl sektor rabitəni dövlətdən yaxşı idarə edirsə, niyə rabitə sektorunu dövlətin əlində saxlamalıyıq? Kənd təsərrüfatı sahəsində “Azərtoxum”, “Aqrolizinq” niyə dövlətin əlində qalmalıdır? Hökumət fermer təsərrüfatlarının korporativləşməsinə şərait yaratmalı, pulsuz texnika təminatı əsasında həmin aqrolizinqləri özəlləşdirmə yolu ilə korporativlərə keçirməlidir”.