Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi yanvarın 10-da “Deutschlandfunk” radiosunda yayımlanan “Mövcud olmayan ölkədə” adlı reportaja görə radio rəhbərliyinə etiraz məktubu ünvanlayıb.
Reportajın müəllifi, jurnalist Sven Toniges bir qrup alman turistlə birgə Azərbaycanın işğal altında olan bölgəsinə gedib və tamamilə qərəzli bir reportaj hazırlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Novator.az-a verilən məlumata görə, Azərbaycanlıların Koordinasiya Mərkəzinin etiraz məktubunda bildirilir ki, jurnalist və turistlərdən ibarət qrup Azərbaycan hökuməti ilə razılaşdırmadan Ermənistanın işğal etdiyi ərazilərə gəlib. İşğal altında olan və dünya dövlətlərinin Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağa edilən bu səfər qeyri-qanuni xarakter daşıyır: “Minlərlə azərbaycanlını bir araya gətirən təşkilat olaraq bildiririk ki, jurnalist Tonigesin bu formatda səfəri Almaniya-Azərbaycan münasibətlərinə ciddi zərbədir. Çünki Almaniya regionda vacib rola malikdir və mütəmadi şəkildə Avropa Birliyinə öz tövsiyələrini təqdim edir. Buna görə də, alman cəmiyyəti bu cür münaqişələri düzgün təsvir etməlidir”.
Məktubun sonunda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi radionu obyektiv olmağa və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.