Yanvarın 15-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransı keçirib. AZƏRTAC-ın məlumatına görə, Kamran Əliyev deyib ki, ötən il baş idarəyə 10 min 654 müraciət daxil olub: “Bunun 7 min 266-sı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsilə edilib. Müraciətlərdən 5 min 954-ü aidiyyəti üzrə qurumlara göndərilib. Baş idarə özü 449 müraciəti araşdırıb, 30 müraciət üzrə cinayət işi başlanıb.
Daxil olan cinayət xarakterli materialların sayı 190 olub. Həmin materialların 42 faizini dələduzluq, 22 faizini qulluq mövqeyindən sui-istifadə etməklə özgə, şəxsi və bələdiyyə əmlakını mənimsəmə, 15 faizini rüşvət tələbetmə, digərlərini isə saxta sənədlər hazırlama və digər əməllər təşkil edib. Ötən il əməliyyat qurumları 609 müraciət araşdırıb. Hesabat dövründə 301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanıb. 295 şəxs barəsində 200 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib”.
APA bildirir ki, rəis ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qaldırılan cinayət işlərinin 165-nin maddi ziyanla bağlı olduğunu vurğulayıb: “Həmin işlər üzrə vurulan 143 milyon 883 min manat ziyandan istintaq zamanı 36 milyon 101 min manatı ödənilib. İbtidai araşdırma mərhələsində dövlət mülkiyyətinə vurulan 27 milyon 561 min manat ziyandan 4 milyon 805 min manatın, xüsusi mülkiyyətə vurulan 116 milyon 313 min manat ziyandan 31 milyon 296 min manatın, bələdiyyə mülkiyyətinə dəyən 9 min 811 manat ziyandan 900 manatın ödənilməsi təmin edilib.
2015-ci il ərzində məhkəmələrə göndərilən 200 cinayət işindən 107 şəxs barəsində 73 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 64 şəxs barəsində 52 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 41 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə, 34 şəxs barəsində 14 iş rüşvət alma, 13 şəxs barəsində 9 iş rüşvət vermə, 1 şəxs barəsində 1 iş nüfuz alveri, 12 şəxs barəsində 12 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 9 şəxs barəsində 6 iş vəzifə saxtakarlığı, 3 şəxs barəsində 2 iş hədə-qorxu ilə tələb etmə, 1 şəxs barəsində 1 iş qanunsuz sahibkarlıq, 2 şəxs barəsində 1 iş cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və 1 şəxs barəsində 1 iş isə digər faktla əlaqədar olub.
Əməliyyat qurumları 31 şəxs barəsində 27 cinayət işi başlayıb. 14 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 16 vəzifəli şəxs cinayət başında yaxalanıb, araşdırma nəticələrinə isə 15 şəxs barəsində 13 cinayət işi başlanıb”.
Hesabata əsasən, 2015-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müraciətlərə baxılması nəticəsində 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib: “Həmin şəxslərin 42-si Səhiyyə Nazirliyi, 28-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 13-ü Təhsil Nazirliyi, 48-i Daxili İşlər Nazirliyi, 1-i Müdafiə Nazirliyi, 1-i Fövqəladə Hallar Nazirliyi, 1-i Gömrük Komitəsi, 35-i digər qurumlara aiddir”.