Yanvarın 13-də dövlət başçısı İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərmanlar imzalayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanla qurumun əsasnaməsi, strukturu, dövlət büdcəsinin vəsaiti hesabına saxlanan hərbi qulluqçularının və işçilərinin ştat sayının həddi, Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı təsdiq edilir. Eyni prosedur Xarici Kəşfiyyat Xidməti üzrə də həyata keçirilib.
Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti ötən il dekabrın 14-də yaradılıb. Həmin gün Orxan Sultanov Xarici Kəşfiyyat Xidmətinin, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyinat alıb. Mədət Quliyev həmin il oktyabrın 20-dən milli təhlükəsizlik nazirinin birinci müavini idi, nazir səlahiyyətlərini icra edirdi. Dövlət başçısı Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən oktyabrın 17-də çıxarmışdı.
Transparency.az xatırladır ki, Azərbaycanın təhlükəsizlik orqanı bir neçə dəfə adını dəyişib. 1919-cu ilin iyun ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə yaradılmış xüsusi xidmət orqanının adı əvvəlcə Dövlət Müdafiə Komitəsi olub, ancaq cəmi iki gün sonra o, Əksinqilabla Mübarizə Təşkilatına çevrilib.
1920-ci ildə qurulan sovet rejimi illərində xüsusi xidmət orqanı əvvəl Fövqəladə Komissiya adlanıb. Sonralar ad bir neçə dəfə dəyişib: Dövlət Siyasi İdarəsi, Birləşmiş Dövlət Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığı, Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi.
SSRİ dövründə xüsusi xidmət orqanının son adı Dövlət Təhlükəsizlik Komitəsi olub. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis edilib.