Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsiylə bağlı məhkəmə prosesi yanvarın 14-də davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iş üzrə təqsirləndirilən şəxslərdən daha ikisi – Kənan Mədətov və Arif Əliyev ifadə verib.
“Azadlıq” radiosunun məlumatına görə, Sankt-Peterburqda Aviasiya Akademiyasının tələbəsi olan Kənan Mədətov ittiham üzrə özünü təqsirli bilməyib. İş materiallarındakı ifadələrin, həmçinin ifadələrin altındakı imzaların ona məxsus olmadığını deyən Kənan Mədətovun sözlərinə görə, o, ümumiyyətlə istintaqa ifadə verməkdən imtina edib.
Hadisəyə gəlincə, o bildirib ki, Elşən İsmayılov onu çay içmək adı ilə çağırıb: “Zəng eləyib dedi ki, gedək Bayılda çay içək. Mən də maşınla gəlib onu götürdüm. Həmin vaxt Arif və Camal da yanında idi. Camalı çoxdan görmürdüm deyə, yolda ancaq Camalla söhbət elədim. Mənim başqa heç nədən xəbərim olmayıb”.
Lakin Kənan Mədətovun istintaqa ifadələrində göstərilib ki, o, Elşən İsmayılovla Rasim Əliyev arasındakı mübahisədən xəbərdardır.
Kənan Mədətov da futbolçudur, bildirib ki, bu gün 21 yaşı tamam olur. Rasim Əliyevi vurmadığını deyən Kənan Mədətovun sözlərinə görə, hadisədən sonra Bibiheybət məscidinə gedərək orada namaz qılıblar. Daha sonra Bakıxanov qəsəbəsinə qayıdıb Arif və Elşəni düşürüb, özü isə Camalla çay içməyə gedib.
Digər təqsirləndirilən Arif Əliyev jurnalistin döyülməsində iştirakını etiraf edib: “Amma amansızlıq məsələsi ilə razılaşmıram. Biz balta ilə vurmamışıq, bıçaqla vurmamışıq”.
Arif Əliyev həmçinin Rasimin telefonunu götürdüyünü təsdiqləyib: “Yerə düşmüşdü, elə bildim uşaqlardan birinindir. Bibiheybətə çatanda soruşdum, dedilər “bizim deyil”. İçindəki şəkillərə baxanda bildim ki, rəhmətliyindir. Hadisənin ertəsi gün tulladım”.
Arif Əliyevin istintaqa ifadələrindən birində isə telefonu şəxsi istifadə üçün götürdüyü yazılıb. O, bu haqda yazılanların doğru olmadığını bildirib. Qeyd edib ki, ifadələri müstəntiq yazıb və özü də oxumadan imzalayıb. İstintaqın sonunda iş materialları ilə tanış olanda isə orada səsləndirmədiyi fikirlərə rast gəlib.
Məhkəmə yanvarın 19-da digər təqsirləndirilən Samir Mustafayevin ifadəsi ilə davam edəcək.
ANN.TV-nin reportyoru Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.
Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.
Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.