Yanvarın 13-ü Ağsu şəhərinin mərkəzində etiraz aksiyası keçirilib. “Azadlıq” radiosunun məlumatına görə, aksiyaçılar Heydər Əliyev parkından rayon icra hakimiyyətinin binası qarşısına yürüş ediblər. Sakinlər işsizlik, maaş problemi və bahaçılığa etiraz bildiriblər. İcra hakimiyyətinin nümayəndələri etirazçıların bir neçəsini qəbul edərək dinləyib.
Füzuli rayonunun Bala Bəhmənli kəndində də bahalaşma və işsizliyə etiraz olaraq aksiya keçirilib.
Siyəzəndə isə bahalaşmaya və işsizliyə etiraz edən sakinlərə qarşı bibər qazı işlədilib. “Azadlıq” radiosu xəbər verir ki, Siyəzən sakinləri yanvarın 13-də rayon icra hakimiyyətinin binası qarşısına yığışıblar. Onlar unun bahalaşmasına, işsizliyə etiraz ediblər. Polis etiraz aksiyasını dağıdıb. Olay yerinə gələn Çevik Polis Alayının əməkdaşları bibər qazından istifadə edib.
“Meydan” internet televiziyasının məlumatına görə, polis rezin güllələrdən istifadə edib, Siyəzənə Daxili Qoşunların bölmələri yeridilib.
APA bildirir ki, Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşanlar polisin ictimai asayişin bərpa olunması və ərazidən uzaqlaşmaq tələbinə əməl etməyiblər. Buna görə də polis aksiya keçirənləri ərazidən uzaqlaşdırıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Saxlananların olduğu bildirilir.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov APA-ya deyib ki, bir qrup sakin qiymət artımı, əsasən də unun qiymətinin artırılmasına etiraz olaraq icra hakimiyyətinə gəlib. Sakinləri icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qəbul edib. Başçı sakinləri dinləyib, onlara bildirib ki, süni qiymət artımının qarşısı alınacaq. Sahibkarlarla bununla bağlı görüş keçirilib. Məlumata görə, son günlər rayonda unun qiymətində artım olsa da, hazırda 50 kiloqramlıq un kisələri 27 manat 50 qəpiyə satılır.
“Füzulidə etiraz aksiyasına səbəb qiymət artımıdır”. Bunu APA-ya açıqlamasında icra hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov deyib. O qeyd edib ki, rayon icra hakimiyyəti rəhbərliyinin sakinlərlə apardığı danışıq nəticəsində etirazçılar dağılışıb: “Saxlanan və xəsarət alan olmayıb”.
APA-ya açıqlama verən Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev qeyd edib ki, hazırda rayonda sakitlik bərpa olunub, hər şey nəzarət altındadır.
Yanvarın 12-də Lənkəranın Liman qəsəbəsində, Füzulinin Böyük Bəhmənli kəndində və Siyəzən rayon mərkəzində də sosial vəziyyətlə əlaqədar etiraz aksiyaları keçirilib. Həmin gün etirazçılar Lənkəranda Bakı-Astara yolunu, Siyəzəndə Bakı-Quba yolunu, Füzulidə Horadiz-Bakı qatarının hərəkətini məhdudlaşdırmağa çalışıblar. Avtomobil yollarında bir müddət hərəkət dayanıb.