“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu qəzetin 12 yanvar sayına açıqlamasında manatın devalvasiyası fonunda redaksiyanın ağır duruma düşdüyünü deyib: “Ölkədə yaranmış vəziyyət yazılı mətbuatın onsuz da böhranlı olan durumunu daha da kritikləşdirib. Üzləşdiyimiz hal Azərbaycanın çap mediasız qala biləcəyinin siqnallarını verir. Heç bir strateji qaynaq yoxdur ki, nəinki inkişaf edə bilək, ümumiyyətlə mövcudluğu davam etdirək. Strateji qaynaq adlandıra biləcəyimiz Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan stabil aldığımız dəstəkdir. Lakin keçən il bu zamanlarla müqayisə olunanda bizim KİVDF-dən layihə əsasında aldığımız dəstək 103 faiz kiçilib. “Yeni Müsavat” il ərzində KİVDF-dən 120 min manat alır. Keçən il bu zamanlar, yanvarın 12-də 120 min manat 150 min dolların ekvivalenti idi. Bu gün isə həmin məbləğ 80 min dollar məbləğində alıcılıq qabiliyyətinə malikdir. Bu kiçilmə media quruluşu, xəbər istehsalçısı olaraq bizi də kiçildib”.
Azərbaycan jurnalistlərini ölkənin kasıb təbəqəsi adlandıran baş redaktor onların öz zəhmətləri və yazıları hesabına redaksiyalardan o qədər də yüksək olmayan qonorar aldıqlarını, bununla da ölkənin maliyyə-bank sisteminin imkan verdiyi qədər özlərinə həyat qurduqlarını vurğulayıb: “Müəyyən kreditlər almışdılar, ipotekalara girmişdilər. Elə jurnalist vardı ki, bir neçə bankdan borc götürərək ev, maşın, eləcə də evinə başqa əşyalar almışdı. İş yerindən aldığı məvacib hesabına onların ödənişi ilə məşğul idi. Amma devalvasiya bütün bu planları da alt-üst etdi. Jurnalistlərin artıq yaradıcılıq haqda düşünəcək halları qalmayıb. Çünki 2015-ci il ərzində, fevral və dekabr aylarında, onların həyatını dəyişəcək devalvasiyalar baş verdi. Ona görə də onların aldığı məvacib ödədikləri kreditə ekvivalent deyil və çox kritik vəziyyətə düşüblər”.
Baş redaktorun sözlərinə görə, son nəticədə həm satışdan, həm də reklamdan gələn cüzi gəlir ikiqat azaldığı üçün “Yeni Müsavat”da kritik vəziyyət yaranıb: “İndiki zamanda biz dövriliyi azaldırıq. Əvvəl həftədə 7 dəfə nəşr olunurduqsa, hazırda 6 dəfə nəşr olunuruq. Gələn ayın 1-dən 5 dəfəyə keçmək məcburiyyətindəyik. Eyni zamanda kənar müəlliflərlə vidalaşmağa qərar vermişik, çünki onlara qonorar ödəmək imkanımız yoxdur. Öncə illərini qəzetə vermiş yazar və əməkdaşlarımızı düşünmək zorundayıq. Eyni zamanda da qəzetin qiymətini 10 qəpik qaldırma siyasətinə getmişik”.
Rauf Arifoğlu Mətbuat Şurasının İdarə Heyəti üzvü olaraq şura sədrindən bu mövzuda bir toplantı keçirməyi xahiş edəcəyini deyib: “KİVDF sədri Vüqar Səfərli ilə görüşməyi planlaşdırıram. Onun vasitəsilə ölkə prezidentindən xahiş etmək niyyətindəyik ki, media orqanlarına ayrılan vəsait müəyyən qədər qaldırılsın. Kağızın qiyməti 1 ton üçün 400 manat civarında qalxıb. Nəşriyyat xərcləri 25 faiz yüksəlib. Bu, artıq bizim gücümüzün xaricində olan məsələdir. Bilirik ki, dövlətimizin böyük ehtiyatları var. Və bu ehtiyatlar xarici valyutadadır. Belə olan halda əslində dövlət devalvasiyadan milyardlarla manat qazanıb, ödəmə imkanları daha da genişlənib. Söz mövzusu qəzetlərin ölüm-dirim savaşıdır. Hesab edirik ki, medianın bu cür çöküşü informasiya təhlükəsizliyi baxımından dövlətə də böyük zərərdir. Bunun qarşısını yalnız bizim yox, dövlətin də fədakarlığı almalıdır”.
Baş redaktor redaksiya daxilində ixtisarlar aparılacağı ilə bağlı sualı da cavablandırıb: “İnsanlar bizə güvənib yola çıxıblar. Ailələri, ödənişləri, gündəlik tələbat məsələsi var. Biz yükümüzü yüngülləşdirmək məqsədilə bəzi əməkdaşlarla müqavilə şərti ilə işləməklə çalışacağıq ki, heç bir əməkdaş iş yerini itirməsin. Amma vəziyyət ürəkaçan deyil. Manatın üzən devalvasiyası davam etsə, manat daha da ucuzlaşsa, mən menecer olaraq bu təlatümün öhdəsindən gələ biləcəyimi düşünmürəm. O baxımdan da “B” və “C” planları hazırlamışam. Hazırda qəzet rəhbərliyində qərarlaşdırdığımız “A” variantının tətbiqinə başlamışıq. Bu varianta əsasən, artıq 5 min manata yaxın qənaət fondu formalaşdıra bilmişik. Bu proses davam edəcək. Dövriliyin azaldılması, eyni zamanda redaksiyanın iki iş gününün olmaması — kommunal xərclərin hesabına cüzi də olsa kəmərsıxma əməliyyatına keçməli olacağıq. Biz eyni zamanda əməkdaşlara da o fikri aşılamaq istəyirik ki, vəziyyət kritikdir, hər kəs özünün iş yerinin xilası uğrunda mübarizəyə başlasın”.