Mərkəzi Bank dollarla olan kreditlər üçün kompensasiya ödəyə bilər. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov bu yöndə təklif verib. Ekspert ölkənin kredit portfelini təhlil edərək bildirir ki, manatla əməkhaqqı alan vətəndaşın bu yükə dözməsi elə də asan deyil: “Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manat, xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır. Bu o deməkdir ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idi, hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib. İkinci devalvasiyadan sonra vətəndaşlar və iş adamları banklara əlavə olaraq 3 milyard 813 milyon manat vəsait ödəməlidir. Mərkəzi Bankı kompensasiya verməsə, vətəndaşlar və biznes subyektləri daxil olmaqla kredit borcu olanların bu fərqi örtməsi çətindir. Qazaxıstanda olduğu kimi ən azı istehlak kreditləri, yəni əhalinin götürdüyü kreditlər üzrə fərq tam kompensasiya edilməlidir.
İkinci devalvasiyadan öncə banklarda olan əmanətlərin həcmi 7 milyard 89 milyon manat idi. Bunun cəmi 20 faizi, yəni 1 milyard 417 milyon manatı milli valyutada saxlanırdı. Deməli, banklarda xarici valyuta ilə olan əmanətlərin məbləği təxminən 5 milyard 401 milyon dollar idi. Qeyd oluna bilər ki, xarici valyutada saxlanan əmanətlər də manat ifadəsində artıb. Amma etiraf etmək lazımdır ki, istehlak krediti götürən vətəndaşların çoxunun banklarda əmanətləri yoxdur və son devalvasiya sadəcə onların kredit borclarını artırıb”.
Ekspert dollarla olan kreditlərdəki fərqi kompensasiya etmək üçün Dövlət Neft Fondunu mənbə göstərir. Vüqar Bayramov yazır ki, bu imkan ikinci devalvasiyadan sonra fondun xərclərinin azalması hesabına yaranır: “Dövlət Neft Fondunun bu il üçün xərcləri 8 milyard 181 milyon manatdır. Gəlirlər dollarla, xərclər isə manatladır. Əgər ikinci devalvasiya olmasaydı, fond bazarda 7 milyard 791 milyon dollar satıb büdcə öhdəliklərini yerinə yetirməli idi. Hazırda isə cəmi 5 milyard 244 milyon dollar xərcləməli olacaq. Deməli, ikinci devalvasiyadan sonra fond 2 milyard 547 milyon dollara qənaət edəcək. Bu isə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 3 milyard 973 milyon manat qənaət deməkdir. Bu qənaət dollarla olan istehlak kreditləri üzrə fərqi kompensasiya etməyə imkan verir.
Problemli kreditlərin həcminin artmaması, bank sektorunun son devalvasiyadan ciddi zərərlə çıxmaması və ən əsası, əhalinin ödəmə qabiliyyətinin zəifləməməsi üçün Mərkəzi Bankın kompensasiya ödəməsi olduqca vacibdir. Kompensasiya ilə manatın sonuncu dəyərsizləşməsinin neqativ təsirlərini ciddi şəkildə aradan qaldırmaq olar”.