Yanvarın 12-də bir qrup jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə piket keçirib.
Piketçilər əllərində mərhum jurnalist Rasim Əliyevin şəkillərini, “Həkimlər məsuliyyətə cəlb edilsin”, “Jurnalist ölümünə son” şüarları yazılmış plakatları qaldırıblar.
Polis piketə müdaxilə edib, bəzi şüarları jurnalistlərin əlindən alıb. Saxlanılan olmayıb.
Yanvarın 5-dən Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses başlayıb. Yanvarın 12-də proses davam etdirilib.
İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır.
ANN.TV-nin reportyoru Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.
Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.
Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.
2016-cı il yanvarın 5-də keçirilən prosesdə Rasim Əliyevin ailəsinin vəkili Fariz Namazlı cinayət işinin ibtidai istintaqa qaytarılması, həmin vəsatətin təmin olunmayacağı təqdirdə Rasim Əliyevi müalicə edən həkimlərin prosesə çağırılıb dindirilməsi barədə vəsatətlər verib. Birinci vəsatət təmin olunmayıb, ikinci vəsatət isə baxılmamış saxlanıb.
Yanvarın 12-də keçirilən prosesdə bir çox jurnalist məhkəmə zalına buraxılmayıb.