Əkrəm Həsənov
Son vaxtlar bir neçə bank əhalinin əmanətini tam və ya qismən qaytarmaqdan boyun qaçırır, yaxud dollar əmanətini manatla qaytarmağı təklif edir. Bu zaman əmanətçiləri müxtəlif bəhanələrlə aldadıb özlərinə sərf edən ərizələrə imza atdırırlar. Məsələn, qorxudurlar ki, guya əmanət vaxtından əvvəl tələb edildikdə, lakin bank onu hələlik qaytara bilmədikdə əmanət artıq sığortalanmış olmur.
Əvvəla, Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən, əmanət müqaviləsinin şərtlərindən asılı olmayaraq (istəyir lap 100 il müddətinə bağlanmış olsun!) əmanətçinin ilk tələbi ilə bank əmanətin məbləğinin ən azı 1/4 hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 iş günü müddətində qaytarmalıdır. Əmanət də olduğu valyutada qaytarılmalıdır. “Əmanətlərin sığortalanması haqqında” qanunun 27.1-ci maddəsinə görə, hətta Əmanətlərin Sığortalanması Fondu da dollar və avroda olan əmanətləri həmin valyutada ödəməlidir. Əlbəttə, əmanətçinin istəyi ilə əmanət manatla da qaytarıla bilər.
Bankın əmanəti tam və ya qismən qaytarmaqdan, yaxud xarici valyutada olan əmanəti həmin valyutada qaytarmaqdan imtina etməsi kobud qanun pozuntusudur. Bankın bu əməlindən Mərkəzi Bank və İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edilə, həmçinin məhkəmədə iddia qaldırıla bilər.
Əlbəttə, müəyyən texniki səbəblərdən bankın uzağı 1 günlük likvidlik problemi yarana bilər. Yəni bank gün ərzində əmanətləri qaytara bilmədikdə bu hələ onun müflis olması demək deyil. Belə halda Mərkəzi Bankın borcudur ki, sonuncu instansiya kreditoru olaraq həmin banka kredit versin. Lakin Mərkəzi Bank hesab etsə ki, sözügedən bankın problemi daha ciddidir, yəni o, artıq müflisdir, dərhal lisenziyasını almalıdır. Bundan sonra əmanətçi əmanətini artıq Əmanətlərin Sığortalanması Fondundan ala bilər.
Amma Mərkəzi Bank nəinki aylar, hətta illərlə bəzi bankların lisenziyasını almır, onlara kredit də vermir. Nəticədə zərəri əmanətçi çəkir: pulunu nə bankdan, nə də Əmanətlərin Sığortalanması Fondundan ala bilir. Mərkəzi Bankın belə bankın lisenziyasını almaması həmçinin onunla bağlıdır ki, əmanətin Əmanətlərin Sığortalanması Fondu hesabına ödənilməsindən yayınmaq istəyir. Çünki həmin fondu faktiki olaraq Mərkəzi Bank idarə edir. Ehtimal etmək olar ki, fondun vəziyyəti qənaətbəxş deyil, Mərkəzi Bank onun əmanətləri qaytara bilməyəcəyini bilir. Eyni zamanda Mərkəzi Bank bankların çoxunun müflis olduğunu gözəl bilir və fondun bütün əmanətləri qaytarmağa gücünün çatmayacağını anlayır. Məhz buna görə də lisenziyaların alınması prosesinə başlamır.
Əmanətlərin Sığortalanması Fondu dövlət qurumu deyil, əmanətləri dövlət sığortalamayıb, dövlətin əmanətlərə (dövlət bankları olan Beynəlxalq Bank və Azər-Türk Bank istisna olmaqla) görə heç bir məsuliyyəti yoxdur. Buna görə banklar kütləvi müflisləşəndə fond əmanətləri qaytara bilməyəcək və özü də müflis olacaq. Başqa sözlə, əmanətlər batacaq!
Hazırda həm Mərkəzi Bankın rəhbərliyi, həm də bankların sahibləri və rəhbərləri vaxt udmaq istəyir. Mərkəzi Bankın rəhbərliyi yəqin ümid edir ki, tezliklə yeni rəhbərlə əvəz olunacaq. Həmçinin yəqin ki, Mərkəzi Bankın rəhbərliyinin bankların qarşısında xeyli qeyri-rəsmi öhdəlikləri var. Bankların sahibləri və rəhbərləri isə vaxt udaraq öz vəsaitlərini banklardan çıxarmaq istəyir. Bunun üçün isə üç şey tələb olunur: imkan daxilində daha çox krediti qaytarmaq; əmanətləri qaytarmamaq; yeni əmanətlər cəlb etmək. Sonuncunu reallaşdırmaq üçün banklar yaxında əmanətlərin məbləğindən (indi maksimum 30 000 manatdır) və faiz dərəcəsindən (indi maksimum 12%-dir) asılı olmayaraq tam sığortalanmasına nail olmaq istəyir. Başqa sözlə, əhalini bu yolla şirnikləndirmək istəyirlər. Çünki manatın devalvasiyası nəticəsində xarici valyutada olan əmanətlərin xeyli hissəsi sığortalanmamış qalır. Məsələn, ötən il dekabrın 21-dək 28 min 570 dollar məbləğində (30 000 manatın ekvivalenti) olan əmanət tam sığortalı idisə, indi cəmi 19 180 dollar məbləğində əmanət sığortalıdır.
Əgər Mərkəzi Bank və banklar əmanətlərin tam sığortalanmasını mümkün hesab edirsə, niyə indiyədək bu addımı atmayıblar? Niyə bank sisteminin məhz pis günündə bunu etmək istəyirlər? Deməli, bu addımı əhali, ölkə iqtisadiyyatı üçün deyil (yüksək faizlə cəlb etdikləri əmanətləri necə və hara yerləşdirəcəklər?), sırf şəxsi məqsədlərinə görə etmək istəyirlər. Çünki əmanətlər çıxarılır, problemli kreditlər arta-arta gedir, pulsuz qalıblar. Problemləri yenə də əhalinin hesabına həll etmək istəyirlər.