Yanvarın 10-u Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən prezident İlham Əliyev 2015-ci ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini deyib. Dövlət başçısı Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb, vaxtilə Azərbaycanın da bu problemlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığını, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü bildirib.
Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyllərinin güclənməsinin müşahidə olunduğunu deyən prezident dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkənin bu təhlükəli meyllərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracağını vurğulayıb.
AZƏRTAC-ın məlumatına görə, keçən il Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyini, hər iki ölkənin Azərbaycanla yaxın qonşu olduğunu və vəziyyətin arzuedilən olmadığını deyən dövlət başçısı son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin də ölkəni narahat etdiyini, bu vəziyyətin müsəlman aləmində baş verən hadisələrə təsir göstərdiyini diqqətə çatdırıb.
2015-ci ildə Azərbaycanın uğurla inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu deyən prezident İlham Əliyev ötən il özünün 20 ölkəyə, 15 ölkənin dövlət və hökumət başçısının isə Azərbaycana səfərlər etdiyini bildirib. “Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq” deyən dövlət başçısı ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyişin olmadığını, prezidentlərin son görüşünün də formal xarakter daşıdığını qeyd edib.
Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslandığını deyən İlham Əliyev 2015-ci ildə təmas xəttində Azərbaycanın üstünlüyə yiyələnərək öz iradəsini diktə etdiyini, ölkənin bundan sonra da döyüş potensialını gücləndirəcəyini vurğulayıb.
2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlət başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirib.
Bütün sosial proqramların, o cümlədən sosial infrastruktur layihələrinin icra olunduğunu, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlərin görüldüyünü deyən İlham Əliyev 2015-ci ildə Azərbaycan əhalisinin 114 min nəfər artdığını vurğulayıb.
Sonra maliyyə naziri Samir Şərifov, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, kənd təsərrüfatı naziri Heydər Əsədov 2015-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
Yekun nitqində İlham Əliyev 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirib. Prezident Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, fonddan dövlət büdcəsinə transferlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi və ixrac-idxal əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib. İlham Əliyev bu kimi məsələlərə ictimai nəzarət mexanizmlərinin işə salınmasının əhəmiyyətinə toxunub. Dövlət başçısı biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırıb.
İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd edib ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir.
2016-cı ildə pensiya və əmək haqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlət başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib və rayon icra başçıları qarşısında görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı tələb qoyub.
2016-cı ildə struktur islahatlarının aparılacağını, çevik idarəetmə mexanizmlərinin yaradılacağını və bununla bağlı yaxın vaxtlarda addımların atılacağını deyən prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacibliyindən danışıb, turizm və nəqliyyat sektorunun inkişafının diqqət mərkəzində saxlanacağını deyib.
Dövlət başçısı nəqliyyat dəhlizlərinin səmərəli işləməsi ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq deyib ki, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılıb və artıq Azərbaycan, Gürcüstan, Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra isə Türkiyəyə məxsus tırların Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.
İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “ASAN xidmət” mərkəzlərinin açılması və ona yeni səlahiyyətlərin verilməsi ilə bağlı tapşırıqlar verib.
Çıxışının sonunda dövlət başçısı 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirib, ölkənin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib.