Yanvarın 11-də prezident İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun isə təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, iri qabaritli transformatorlar zavodunun sınaq laboratoriyası müasir səviyyədədir. Buradakı qurğular 2,4 milyon voltadək yüksələ bilən impuls gərginliyi və 700 min voltadək dəyişən cərəyan verə bilir. Bu isə istehsal edilən transformatorların izolyasiyasını yoxlamağa imkan verir.
Ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Zavodda 300 nəfər işlə təmin edilib.
Sonra prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub. Bu zavodun istehsal gücü illik 3,4 min müxtəlif avadanlıq, o cümlədən daxili və xarici tip eleqaz açarlar, ayırıcılar, paylayıcı qurğular olacaq.
“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyovdur. Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu var. Bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.
“ATEF Şirkətlər Qrupu” özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb.