IV Qlobal Bakı Forumu bu il martın 10-11-də keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-ə yaxın nümayəndənin iştirakı gözlənir.
Artıq Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət başçıları IV Qlobal Bakı Forumunda iştirak etməyi planlaşdırdıqlarını bildiriblər.
“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin Madrid Klubu, “İnter-Action Council”, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq.
IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək, bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.
I, II və III forumlar 2013, 2014 və 2015-ci illərdə Bakıda keçirilib. Hər üç forumda prezident İlham Əliyev iştirak edib və nitq söyləyib.